“Türkiyə ilə normal münasibətlər qurmaq üçün böyük imkan var”.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
“Qeyri-diplomatik və qeyri-siyasi faktorlar – insani dəyərlər hesabına münasibətlərin normallaşması ehtimalı artdı. Bu, Ermənistanın Türkiyədə baş verən dağıdıcı zəlzələyə reaksiya vermək qərarına gəldiyi zaman baş verdi. Türkiyə də öz növbəsində bizim səmimiyyətimizə inanmasaydı, yüklərimizin keçməsi üçün Marqara körpüsünü açmazdı”, – deyə Paşinyan bildirib.
Xatırladaq ki, bu ilin fevralında Ermənistan Türkiyəyə bir neçə humanitar yardım partiyası göndərib. Son 30 ildə ilk dəfə olaraq Alican (Ermənistan tərəfdə – Marqara) keçid məntəqəsi erməni yük maşınlarının keçidi üçün açılıb.
Paşinyan ümid edir ki, yaxın gələcəkdə ölkələr arasında sərhəd açılacaq və iki qonşu arasında normal münasibətlərin əsası qoyulacaq. Bu baxımdan üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçməsi ilə bağlı razılaşmaların həyata keçirilməsi mühüm addım olacaq.
Mənbə: “Sputnik” Ermənistan
www.102info.az