Yazıçı Anar Əjdər Olun əfvi üçün Prezidentə müraciət etdi

Mədəniyyət


Gələn ay mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Ümumilikdə əfv üçün müraciət edən məhbusların kimliyi, müraciət edənlər arasında siyasi məhbus adlandırılan şəxslərin, yazıçı adlarının olması da cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, budəfəki əfv sərəncamından gözləntiləri böyükdür:

“Çox istərdim ki, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamına dəyərli dostumuz Əjdər Cəbiyevin də adı düşsün. Çünki hər şeydən öncə Əjdər Ol bizim dəyərli şairimizdir. Bir yerdə çalışmışıq. Düzdür, günahı var və cəzasını çəkir. Amma onun yaradıcı fəaliyyəti nəzərə alınaraq əfv olunmasını istərdim. Bununla bağlı açıq şəkildə prezidentə də müraciət etmişəm”.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. 

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir