Bu gün bənzərsiz mədəni irsimizə əvəzsiz töhfələr bəxş etmiş Azərbaycan memarlığının görkəmli nümayəndəsi Mikayıl Useynovun doğum günüdür.
Mikayıl Ələsgər oğlu Useynov 19 aprel 1905-ci ildə Bakıda anadan olub. Gənclik illərindən memarlığa həvəs göstərən Mikayıl Useynov bu məhəbbətə ömrü boyu sadiq qalıb.
1922-29-cu illərdə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq mühəndis-memar ixtisasını əldə edib. 1930-59-cu illərdə “Azərdövlətmemarlayihə” İnstitutunda memar, sonradan isə memarlıq emalatxanasının rəhbəri olub.
Mikayıl Useynov 1950-ci ildə Respublika Elmlər Akademiyasının həqiqi üzvü, eyni zamanda 1951-ci ildən ömrünün sonuna kimi Akademiyanın Rəyasət Heyəti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə elmi-metodik şurasının sədri seçilib. Bir vətənpərvər kimi, o, həmin mürəkkəb dövrdə Azərbaycanın unikal memarlıq və şəhərsalma prinsiplərinə sadiq qalaraq milli memarlıq siması olan binaların nümunəsini yaratmağa nail olub.
İkinci Dünya müharibəsindən sonrakı illərdə inşaat sahəsinin sürətli inkişafı Azərbaycan memarları qarşısında kütləvi yaşayış evlərinin sənayeləşdirilməsi və tipləşdirilməsi problemini qoyub. Bu çətin məsələnin həll edilməsinə qoşulan M.Useynov 1950-ci illərdə kütləvi tikinti üçün Bakının və Abşeronun özünəməxsus təbii-iqlim şəraitini nəzərə alan bir sıra yaşayış evlərinin layihələrini yaradıb.
M.Useynovun əsərləri Böyük Britaniya kraliçası II Elizabetin himayəsi altındakı Kral Asiya Сəmiyyəti tərəfindən 1985-ci ildə təşkil edilmiş “Bakının memarlığı” sərgisində nümayiş etdirilib. O, sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra Cəmiyyətin fəxri üzvü seçilən yeganə SSRİ nümayəndəsi olub.
Qısa bir zamanda onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də başqa şəhərlərimizdə mədəni-məişət binaları tikilib və bunun nəticəsində Azərbaycan memarlığı olduqca zənginləşib. Mikayıl Useynov əksər layihələrini Şərq və Qərb memarlıq məktəbinin xüsusiyyətlərindən yararlanıb birləşdirərək hazırlayıb.
Bakıdakı Azərbaycan Texniki Universitetinin (1933), Azərbaycan Respublikası Nazirlər Kabinetinin (1941), bununla yanaşı, “Buzovnaneft”in (1946), Alimlər evinin (1946), Azərbaycan Milli Elmlər Akademiyasının (1960), M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının (1961) binaları onun layihələri əsasında inşa olunub.
Xüsusi olaraq qeyd edək ki, sadalanan memarlıq nümunələri ilə yanaşı, məktəb illərindən birlikdə addımlayan Mikayıl Useynov və Sadıq Dadaşovun 1946-cı ilə qədər davam etmiş yaradıcılıq sintezi nəticəsində Nizami Kino Mərkəzinin (1934), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (1936), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin (1940) əzəmətli binaları kimi əvəzsiz əsərlər yaranıb.
M.Useynov 250-dən çox layihə, 100-dən çox elmi işin müəllifidir.
Dahi memar Mikayıl Useynovun memarlıq əsərləri, onların özünəməxsus bədii-konseptual memarlıq elementləri uzun illər boyu yada salınacaq və şübhəsiz, gələcək nəsillərimizə bir miras kimi qalacaq.
www.RIA24.az