Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları dəyişib.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Bundan sonra çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan veriləcək. Başqa sözlə, artıq fərdi yaşayış evlərinin girişinə ünvan veriləcək, fərdi yaşayış evlərinin tərkib hissələrinin girişlərinə isə ünvan verilməyəcək.
Digər dəyişikliyə görə, çoxmənzilli binaların tərkibindəki qeyri-yaşayış sahələrinə də ünvan nömrəsi veriləcək.
Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilirdisə, bundan sonra çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin ediləcək.
Eyni zamanda fərmana əsasən, bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin (tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisinin) və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan veriləcək.
İndiyə qədər bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilirdi.
www.RIA24.az