Milli Məclisin deputatları Rüfət Quliyev, Kamran Bayramov, Sabir Hacıyev, Razi Nurullayev, həmçinin Ukrayna Ali Radasının deputatı Volodimir Kreydenko, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun katibi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı Səfirliyinin müvəqqəti işlər vəkili Sabir Rzayev Taras Şevçenko adına Kiyev Milli Universitetində olublar.
Oxu.Az-n məlumatına görə, qonaqlarla görüşən ali təhsil müəssisəsinin prorektoru Andrey Qojik və universitetin müəllim-professor heyətinin bir hissəsi Azərbaycan nümayəndə heyətini salamlayıb.
O bildirib ki, Azərbaycan parlamentarilərindən ibarət nümayəndə heyətinin indiki məqamda Ukraynaya səfəri onlar üçün böyük əhəmiyyət kəsb edir. A.Qojik Ukrayna-Azərbaycan arasında tələbə-təhsil mübadiləsinin inkişafından danışıb.
Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib ki, Azərbaycan Ukraynanın 1991-ci ildə BMT-də qəbul edilmiş prinsiplərə əsaslanan ərazi bütövlüyünü dəstəkləyir.
Daha sonra çıxışçılar iki ölkə arasında təhsil mübadiləsindən danışıblar. Sabir Rzayev müharibə dövründə Ukraynada təhsil alan azərbaycanlı tələbələrin universitetdə təhsillərinin hansı formada davam etdirə bilməsi ilə bağlı məsələlərin müzakirəsini təklif edib.
Nümayəndə heyəti universitetdə oxuyan azərbaycanlı tələbələrin vəziyyəti ilə də maraqlanıblar. Həmçinin Azərbaycan diasporunun universitetlə təması da müzakirə edilib.
Sonda qonaqlar Kiyev Milli Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli auditoriyasında olublar.
www.RIA24.az