“Qarabağnamə” tarixi zəfərdən sonra Heydər Əliyev Mərkəzində yeni finalla təqdim edilib – FOTO/VİDEO

Mədəniyyət


Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunub.

Tamaşa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində nümayiş edilib.

Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada ümumilikdə 21 aktyor iştirak edib. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.

“Qarabağnamə”nin “İbrahim xan”ı Xalq artisti Kazım Abdullayev, “Ağabəyim ağa”sı isə Əməkdar artist Məsmə Aslanqızıdır. Tamaşada həmçinin Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri rol alıblar.

Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstərilib.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də ümummilli lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib. Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib. Ümummilli lider elə həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini qeyd edib. Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub.

İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib və bu adla artıq 80-ci dəfə təqdim olunub.

Bu dəfə isə “Qarabağnamə” Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərindən sonra yeni finalla oynanılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir