Şəhid Vüsal Həsənovun anası: “Hər gün 2 dəqiqə, 5 dəqiqə danışırdım, hər şey yaxşıdır deyirdi” – FOTO

Cəmiyyət


“Oğlum şəhid olanda mənə demədilər, Füzuliyə çağırdılar. Getdim, amma dedilər analiz götürüləcək”.

Şəhid Vüsal Həsənovun anası Mərifət Həsənova Oxu.Az-a açıqlamasında deyib.

Şəhid anası deyir ki, oğlunun yaralı olduğunu düşünüb:

“Oğlum iki il idi əsgərlikdən qayıtmışdı. Müharibə başlayanda mənə demədi, könüllü olaraq gedib adını yazdırmışdı. Özü hərbiyə getmək istəyirdi. Sentyabrın 21-də təlimlərə getdi sonra döyüşlərə gedib”.

Oğlu ilə sonuncu dəfə oktyabrın 5-də danışan şəhid anası deyir ki, oğlu hər şeyin qaydasında olduğunu deyib:

“Hər gün 2 dəqiqə, 5 dəqiqə danışırdım, “hər şey yaxşıdır“, – deyirdi. Amma ayın 5-dən sonra nə qədər gözlədim zəng gəlmədi. Sonra narahat oldum Füzuliyə getdim. Oradan mənə onun tabor komandirinin nömrəsini verdilər. Onunla danışanda dedi ki, siyahıda adı var, amma cənazəsi yoxdur. Sonra zəng elədi ki, gəlin Füzuliyə danışaq. Qardaşımla getdik, elə bildim ki, yaralıdır, xəstəxanadadır. Yola düşdük Füzuliyə.

Mən qəbul edə bilmədiyim üçün cənazəsinə qardaşım baxdı. Dedi ki, Vüsaldır. Mən qəbul etmədim, dedim mən də baxım. Baxdım, amma oğluma oxşatmadım, gözlərim sanki qaraldı. Dedim ki, mənim uşağım deyil. Sonra dedim, bir dəfə də baxım, dəqiq olsun, ürəyim rahat olsun. İkinci dəfə baxanda ürəyimi elə bil kimsə əlinə alıb sıxdı. Qulaqlarımda uğultu yarandı. Elə bildim ki, nəfəsim kəsilir. Oğlumun başında anadangəlmə xalı var idi. Elə başını çevirmək istəyəndə xalı gördüm… Çarəsiz idim, amma qəbullanmalı oldum. Balam şəhid olmuşdu. Oğlumu snayper gicgahından vurmuşdu. Kəllə sümüyünün yarısı zədələnmişdi. Çox evdən bir can getdi, min can gəldi. Biz də o şəhid ailələrindən biri. Oğlumu son dəfə qucaqlamaq istədim, sanki əlim qolum dondu, qucaqlaya bilmədim. Bir ona peşmanam ki, balamı son dəfə bağrıma basmadım”.

Qeyd edək ki, əslən Şabrandan olan şəhid Vüsal Həsənov 2020-ci il oktyabrın 11-də Şabranın Zeyvəli kəndində torpağa tapşırılıb.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir