Rusiyanın Belqorod vilayətində yerin yeddi metr dərinliyində FAB-500 mərmisi tapılıb.
Əməliyyat qərargahı yaxınlıqda yerləşən evlərdən insanların təxliyəsi barədə qərar qəbul edib.
Mülki şəxslər təxliyə edildikdən sonra mütəxəssislər bombanı qazıb çıxaracaq və zərərsizləşdirilməsi üçün hərbi poliqona aparacaqlar.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Belqorodda aviasiya sursatının düşdüyü yerdə partlayıcı cihaz tapılıb. Onun sözlərinə görə, yaxınlıqdakı evlərin üç mindən çox sakini təcili olaraq təxliyə olunacaq. Onların təxliyəsi üçün onlarla avtobus hadisə yerinə gəlib.
Xatırladaq ki, aprelin 20-də axşam saatlarında Belqorod şəhərinin mərkəzi küçələrindən birinin kəsişməsində partlayış baş verib. Nəticədə 20 metr radiuslu çuxur əmələ gəlib. Partlayış dalğası nəticəsində çoxmənzilli yaşayış binasının şüşələri sınıb, dörd mənzilə və park edilmiş bir neçə avtomobilə ziyan dəyib. Şəhərdə fövqəladə vəziyyətin zərərləri və nəticələri ilə bağlı məlumatların toplanması üçün məlumat qərargahı yaradılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, insidentə səbəb fövqəladə vəziyyətdir – şəhərin üzərindən uçan aerokosmik qüvvələrin səsdən sürətli Su-34 təyyarəsindən aviasiya sursatları düşüb.
Mənbə: “Baza” “Telegram”
www.102info.az