Yuri Lesniçi: “Həm hüquq, həm də güc Azərbaycanın tərəfindədir”

Siyasət


Suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüququdur. Bu barədə ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Fransa XİN-in Bakının Laçın yolunun girişində sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasını pisləyən aqressiv bəyanatına cavab olaraq bildirib.

Yeri gəlmişkən, beynəlxalq ekspertlər də bəyan edirlər ki, öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsi quraşdırmaq istənilən ölkənin beynəlxalq standartlarla tənzimlənən qanuni haqqıdır.

Eyni fikri Oxu.Az-a müsahibəsində Ukrayna Təhlil və Proqnozlaşdırma İnstitutunun direktoru Yuri Lesniçi səsləndirib:

– Azərbaycan öz ərazilərini hərbi yolla və müttəfiqlərinin siyasi dəstəyi ilə geri qaytara bildi. İndi isə sərhəd-buraxılış məntəqəsi yaradılıb və bu hamını, xüsusən də ermənipərəst diplomatik mövqe tutan fransızları və digərlərini narahat edib.

Biz Ukraynada Rusiyanın iştirakı ilə imzalanmış sənədlərə etibar etmirik. Ruslar kimlərisə barışdırmaq və ya qorumaq istədiklərini söyləyəndə mən onlara inanmıram. Biz Ukraynada bununla üzləşmişik, hazırda bizdə amansız müharibə gedir. Sizin vəziyyətinizdə isə hətta müzakirə ediləcək bir məsələ yoxdur: bu, Azərbaycanın suveren ərazisidir və sizin sərhədçilər orada sərhəd-buraxılış məntəqəsi qoyublar. Heç bir hüquq pozuntusu yoxdur, ola da bilməz. Və bu halda mən 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarını xatırlamağı belə, faydasız görürəm.

Bundan əlavə, bütün müqavilələr, razılaşmalar həmişə birinin gücü, ikincinin isə gücsüzlüyünü ehtiva edir. Ya da paritet əsaslar olur. Hazırda isə həm hüquq, həm də güc Azərbaycanın tərəfindədir. Bakı tez və səmərəli şəkildə öz ərazi bütövlüyünü bərpa etdi. Rusiya 2020-ci ildə tərəfləri danışıqlar masası arxasına əyləşdirmək məcburiyyətində qalaraq bu “yanğın”ı təcili şəkildə söndürməli oldu.

Azərbaycan indi öz gücünü hiss edir və onu nümayiş etdirir. Əgər başqası ayağını sənin torpağına qoyubsa, deməli, sənin onu çıxarmağa haqqın var. Hər şey bu qədər sadədir. İndi külək Azərbaycanın yelkənlərini doldurur.

Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmaqla Azərbaycan, ən azı, taktiki üstünlük əldə etdi. Yoxlama məntəqəsində iş rejiminin hansı formada təşkil olunacağı isə artıq xırda məsələdir. Burada, Ukraynada rus ordusu şəhərləri yer üzündən silir, sizdə isə sərhəd-buraxılış məntəqəsi qurulub və atəş də açılmayıb, amma kimlərsə bundan narahat olurlar.

Mən bir daha Ukraynanın məlum mövqeyini ifadə edəcəyəm: bizim üçün prioritet beynəlxalq hüquq və ərazi bütövlüyüdür. Xankəndi tamamilə Azərbaycanın nəzarəti altında olanda mən əminəm ki, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunlarına əməl edəcək bütün erməni millətindən olan sakinlər əmin-amanlıq və firavanlıq içində yaşayacaqlar.

Bizdə Ukraynada da oxşar vəziyyətdir. Biz hazırda işğalda olan Krım və Donbasa qayıdanda da oxşar vəziyyət olacaq. Bu torpaqlardakı insanlar ya Ukrayna vətəndaşlığını alıb Ukrayna qanunlarını pozmayacaq, ya da əmlaklarını sataraq oranı tərk etməli olacaqlar. Burada yaşamaq istəyirsənsə – yaşa, amma ölkə qanunvericiliyi çərçivəsində, istəmirsənsə – səni heç kim məcbur saxlamır. Azərbaycan – bu ölkənin vətəndaşlığını qəbul edəcək erməni əhalinin Xankəndidə rahat yaşamasına imkan yaratmaq iqtidarında olan sivil ölkədir. Eyni zamanda, biz 2020-ci ildə (azad edilmiş Azərbaycan rayonlarından – red.) gedən erməni əhalinin evləri necə yandırdığının da şahidi olmuşuq.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir