Novxanıda biznesmen bağ evində arvadını niyə öldürüb? – TƏFƏRRÜAT

Kriminal


Ötən ilin may ayında Abşeron rayonu Novxanı bağlarında yerləşən bağ evinin həyətində arvadı İlahə İsgəndərovanı xüsusi amansızlıqla qətlə yetirən iş adamı, 1971-ci il təvəllüdlü Tofiq Həsənovun məhkəməsi başa çatıb.

News24.az xəbər verir ki, Tovuz rayonundan olan və Rusiyada biznes fəaliyyəti göstərən Tofiq Həsənov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilib. 

Bildirilib ki, T.Həsənovdan boşanmaq istəyən arvadını 14 bıçaq zərbəsi ilə qətlə yetirərkən İlahənin anası da orada olub və hadisələr onun gözü qarşısında baş verib.

Qadın qızını xilas etməyə çalışarkən bıçaq onun əlini kəsib. Həmçinin qeyd edilib ki, İ.İsgəndərova həyat yoldaşının aldığı bağ evinə ərini buraxmırmış. Tofiq Həsənov iddia edib ki, arvadı onun Bakıda aldığı evləri və seyfdə saxladığı 200 min manata yaxın pulu da ələ keçirib.

T.Həsənov məhkəmədəki ifadəsində deyib: 

“1999-cu ildə Rusiyadan Tovuza gəlib, ailəvi tanışımız olan İlahə ilə evlənmişdim, 2 övladımız oldu və Rusiyada birgə yaşayırdıq. 2012-ci ildə uşaqların təhsili ilə əlaqədar Bakı şəhərinə gəlib Nərimanov rayonundan 3 otaqlı mənzil aldım və İlahə uşaqlarla daimi Bakı şəhərində yaşamağa başladı. Mən də ildə 3-4 dəfə Rusiyadan Bakıya gəlirdim, tez-tez ailəmin dolanışığı üçün pul göndərirdim. 2016-cı ildə Bakı şəhərində Xətai rayonundan 3 otaqlı ev, 2019-cu ilin yay aylarında isə istirahət etmək üçün Novxanı qəsəbəsində bağ evi aldım. Övladlarım təhsili almaq üçün Türkiyəyə getdikdən sonra qayınanam İlahə ilə birgə Xətaidəki evdə yaşamağa başladı. İlahə 2019-cu ildən Nərimanov rayonunda yerləşən uşaq bağçasında müəllimə kimi işləməyə başladı.

2021-ci ilin dekabrın sonlarında Rusiya Federasiyasından Azərbaycana gəldim və aramızdakı problemlər bundan sonra başladı. Onun məndən çox soyuduğunu gördüm. 2022-ci il yanvarın 30-da Rusiyaya getdim və oradan İlahəyə zəng vursam da o, zənglərə cavab vermirdi. 30 mart 2022-ci il tarixdə Bakıya gəldim, lakin İlahə məni görən kimi – “sənin nə işin var burada, nə üçün mənə deməmiş Azərbaycana gəlmisən?”, – bildirməklə həmin gün saat 2-dək evə gəlmədi. İlahə mənimlə yaşamaq istəmədiyini, boşanacağını dedi. Rusiyadan pulsuz gəldiyimdən İlahədən evdə olan pulları istədikdə o, pulunun olmadığını deyərək anası ilə birlikdə bacısının yaşadığı Günəşli qəsəbəsindəki evə getdi, mənə pul vermədi və məhkəmədə görüşəcəyini dedi. Sonra Əkbər adlı polis əməkdaşı mənə zəng edərək nə üçün Azərbaycana gəldiyimi soruşdu. Evə gedib, seyfi açıb baxdıqda evdə olmalı 165 000 dollar puldan sadəcə 12 000 dollar pulun qalmasını gördüm. Bundan başqa, seyfdə dəftər tapdım və İlahənin pulları faizə verdiyini aşkar etdim”.

Təqsirləndirilən şəxs əlavə edib ki, arvadı onunla boşanacağnı bildirib və aldığı bağ evinə buraxmayıb:

“İlahə məni görmək istəmədiyini və boşanacağını deyib üstümə ayaqqabı və müxtəlif əşyalar ataraq evdən qovdu. Daha sonra boşanmaq üçün Tovuz rayon məhkəməsində iddia qaldırdı. 2022-ci il mayın 8-də günorta vaxtı İlahə ilə barışmaq üçün qardaşım arvadı ilə Novxanı qəsəbəsində yerləşən bağa getdim. Lakin o, məni evə buraxmadı. Bir müddət sonra hasarı aşıb həyətə daxil oldum, təxminən 3 saat həyətdə oturdum. İlahə həyətə çıxanda – “nə gəzirsən burada, çıx, rədd ol buradan”, – deyərək üstümə gəlib təhqir etdi. Həmin vaxt qayınanam və qardaşım arvadı evdə idi. İlahənin hərəkətlərinə əsəbiləşərək həyətdən dəstəyi qırmızı rəngli bıçağı götürüb İlahənin müxtəlif nahiyələrinə vurmağa başladım. Sonra maşınla Nərimanov Rayon Polis İdarəsinə gedərək təslim oldum”.

T.Həsənov, həmçinin qeyd edib ki, Rusiyada ticarətlə məşğul olduğu vaxt İlahə və övladları üçün aylıq 10 000 manatadək pul göndərib. O, hadisənin konkret səbəbini isə belə göstərib:

“İlahənin özü bağçada müəllimə işləyirdi. Bizim aramızda olan mübahisənin yaranma səbəbi isə İlahənin mənə xəyanət etməsindən şübhələnməyim oldu. Belə ki, İlahəyə aldığım “Toyota RAV4” markalı maşında və evin yataq otağında siqaret yandırmaq üçün istifadə olunan alışqan tapmışdım, halbuki İlahə siqaret çəkən deyildi. İlahə zənglərimə cavab vermirdi və evə gecə gəlirdi”.

Məhkəmədə ifadə verən şahidlər İlahədən faizlə pul götürmələrini təsdiq ediblər. Həmçinin ifadə verən Z.Salmanov Sumqayıtdakı məşhur restoranlardan birinin rəhbəri olduğunu İlahəni müştəri kimi tanıdığını və müştəri kimi münasibətlərinin olduğunu deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə arvadını amansızlıqla öldürən biznesmen 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir