Bakı şəhər sakini Gülbahar Əsgərovanın 17 yaşlı oğlu Röyal beta-talassemiyanın ağır formasından əziyyət çəkir.
Media.Az xəbər verir ki, bir müddət əvvəl Röyal vərəm meningitinə yoluxub və görmə qabiliyyətini itirib. Yeniyetmənin ailəsi hər ay onun müalicəsinə 500 manata yaxın pul xərcləyib, artıq dərmanlarını almağa imkanı yoxdur.
“Röyala ayda iki dəfə qan köçürülür və talassemiyanın yaratdığı xroniki dəmir yüklənməsinin müalicəsi üçün ona xüsusi preparatla qarın nahiyəsinə sistem yeridilir. Bunlar oğlumun ömrünü uzatmaq üçün vacibdir. Təəssüf ki, o, vərəmin ağır formasına yoluxub. Biz dörd ay xəstəxanada qaldıq”, – G.Əsgərova deyir.
Qeyd edək ki, vərəm meningiti onurğa beyni və baş beynin qabığını zədələyir. Meningitin bu növündə insanların 30%-ni ciddi nevroloji nəticələr gözləyir. Təəssüf ki, Röyal da bu siyahıya daxildir.
“Vərəm meningiti ciddi fəsad verdi, görmə siniri atrofiyaya uğradı. Bu, orqanın sinir hissəsinə təsir edən patoloji proseslərin inkişafı səbəbindən görmə qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan göz xəstəliyidir. İndi oğlum ümumiyyətlə görmür. Onun görmə qabiliyyətini bərpa etmək üçün əlimizdən gələni edirik. Amma Röyalın demək olar ki, bütün dərmanları artıq tükənmək üzrədir və yenisini almağa imkanımız yoxdur”, – yeniyetmənin anası deyir.
Qadının sözlərinə görə, oğluna və xəstə anasına baxdığı üçün işləmir, həyat yoldaşı isə fəhlədir, lakin hazırda səhhətində yaranmış problemlə əlaqədar müvəqqəti işləmir:
“Hazırda anamla Röyalın pensiyası (280 manat) hesabına dolanırıq. Uşağım meyvə istəyəndə ala bilmədiyim üçün ürəyim parçalanır. Çıxış yolum olmadığından ilk dəfə kömək üçün insanlara üz tuturam. Xalqımdan xahiş edirəm ki, bizi bu müsibətlərlə tək qoymasın, Röyal mənim yeganə övladımdır, ona nəsə olsa, yaşaya bilmərəm”.
Biganə qalmayan hər kəsi Röyalın probleminə həssas yanaşmağa və imkan daxilində kömək etməyə çağırırıq.
Yardımsevərlər “Kapital Bank” kartına pul köçürməklə ailəyə köməklik göstərə bilərlər: 4169 7388 6051 2254.
Gülbahar Əsgərova ilə +994-50-835-23-41 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
www.102info.az