Abşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, ittiham aktına qeyd edilib ki, təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.
Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu dayısı qızı, 1996-cı il təvəllüdlü zərərçəkmiş Rəqsanə Məmmədova ilə aralarında ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında onların nikahları pozulub. Bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdiriblər. Lakin aralarında eyni zəminində yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Ramil 30 may 2022-ci il tarixdə, saat 21:20 radələrində sərxoş vəziyyətdə onunla mobil telefonla danışıb. Həmin vaxt “işdən çıx, evə gəl, anam da gedib, birlikdə yaşayaq” deyib. Rəqsanə isə “səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var” deyə cavab verib. Daha sonra Ramil keçmiş arvadının ona xəyanət etməsini düşünüb, qısqanclıq zəminində qadını qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə yaşadığı Abşeron rayonu Xırdalan şəhərindəki mənzilin mətbəxindən bıçağı götürərək Rəqsanənin yaşadığı binanın 58-ci və 59-cu blokları arasında bir müddət gözləyib. Sonra o, təxminən saat 22:20 radələrində keçmiş arvadının azyaşlı övladları ilə birlikdə gəldiklərini görüb. Bu zaman özü ilə gətirdiyi bıçağı çıxarıb Rəqsanəyə yaxınlaşaraq heç bir söz demədən uşaqlarının gözü qarşısında ona 8 zərbə endirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Ramil Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2010-cu ildə dayısı qızı Rəqsanə ilə Gürcüstanda ailə qurub, 2013-cü ildə isə Bakıya köçüblər. Birgə nikahdan 9 yaşında və 3 yaşında iki uşağı var. 2017-ci il tarixində boşanıblar, 1 il ayrı qaldıqdan sonra yenidən barışıb birgə yaşayıblar. Lakin rəsmi nikah bağlamayıblar. Hadisədən 4-5 ay əvvəl valideynləri Gürcüstana qayıdıblar.
8 dekabr 2021-ci il tarixdə atası rəhmətə gedib, Gürcüstanda dəfn işlərini həll edəndən sonra anasını da Bakıya gətirib. Anasını gətirməmişdən qabaq Rəqsanə ona narazılıq edib. Daha sonra arvadının anası gəlib onu aparıb, Ramilə “nə vaxt ayrı yaşayacaqsansa, Rəqsanəni gəlib apararsan” deyib. İki ay onlar ayrı qalıblar.
Ramil Məmmədovun sözlərinə görə, valideynləri Rəqsanəyə ondan icazəsiz onun qaldığı binanın 1-ci mərtəbəsində kirayə ev tutub, ofisdə iş tapıblar. 2022-ci il mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rəqsanənin evinin işıqlarının yanılı olduğunu və içəridən səslər gəldiyini eşidib. Qalxıb pəncərədən baxanda onun rəfiqəsi ilə birlikdə hansısa kişiylə danışdığını görüb. Aşağı düşüb ona zəng vurub, əsəbi halda telefonla danışıb. Bir-iki gün sonra dayısına zəng edib. Dayısı telefonu açmayıb.
O qeyd edib ki, daha sonra özü ona zəng edərək “eşitdim qızımı öldürmək istəyirsən, Rəqsanəni öldür, sənin də, mənim də namusum təmizlənsin” deyib. Hadisə olan gün Rəqsanə ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini söyləyib. Keçmiş arvadı ilə danışanda onun yanında Seyidzəhra adlı rəfiqəsi olub. Onların mübahisə etdiyini gördükdə Seyidzəhra qaçıb.
Ramil dindirilən zaman Rəqsanəyə 8 bıçaq zərbəsi vurduğunu etiraf edib.
O söyləyib ki, hadisə zamanı oğlu orada deyil, Seyidzəhranın bacısının evində olub, sonradan oraya gəlib. Hadisədən qabaq saat 12-13 radələrində evdə spirtli içki qəbul edib.
www.102info.az