“Fəxrlə demək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları Zərifə Əliyeva yazıb” – FOTO

Siyasət


“2023-cü il ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisələrin təntənə ilə qeyd edildiyi bir ildir. Bu il ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda çağdaş dövlətimizin qurucusu, ulu öndərimiz Heydər Əliyevin və görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, nurlu insan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü böyük ehtiram və minnətdarlıqla qeyd edilir. Əslində, tarixən vətənimizin bir parçası olan və qədim şəhərimiz İrəvanın əsilzadə nəsillərindən birinin nümayəndəsi və görkəmli dövlət xadimi, alim Əziz Əliyev ocağının əziz övladı, Azərbaycan xalqının yaddaşında unudulmaz xatirələrlə silinməz izlər qoymuş Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün belə təntənə ilə keçirilməsi bizim hər birimizin ona olan mənəvi borcumuzdan irəli gəlir”.

Bunu “Report”a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

O vurğulayıb ki, Zərifə Əliyeva haqqında danışarkən ilk olaraq işıq yada düşür:

“Təkcə ona görə yox ki, Zərifə xanım göz həkimi kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsi idi. Elə bir işıq ki, bu işıqdan hər kəsə pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara…”

Deputat deyib ki, tibb elminə verdiyi bir sıra qiymətli nailiyyətləri ilə akademik Zərifə Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin və mənəvi ucalığın ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik və insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretinin əsas cizgilərdir.

O bildirib ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına qiymətli töhfələr bəxş edib və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf edib:

“Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibb elminin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Bütün bu uğurların kökündə isə onun aldığı ən mükəmməl həyat dərsi dayanırdı. Qafqaz xalqlarının xilaskarı, İrəvan ədəbi mühitinin görkəmli ziyalılarından və şəxsiyyətlərindən olan Əziz Əliyevin ailəsində doğulub boya-başa çatan Zərifə xanım Əliyevanın taleyində bu ocağın və mühitin həlledici rolu olub. Rektor, nazir, Mərkəzi Komitənin katibi, baş nazirin müavini kimi yüksək vəzifələrdə çalışmış Əziz Əliyevin müdrikliyi, dərin intellekti və təşkilatçılıq bacarığı Zərifə xanım Əliyevanın gələcək həyatının məhək daşı olmuşdu. Əslində, Əziz Əliyevin enişli-yoxuşlu həyatının bütün mərhələləri onun övladlarının hər biri üçün həyat məktəbi olmuşdu. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, səmimiyyəti, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, əməksevərlik, doğma ocağa, xalqa və Vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı.

Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. Zərifə xanım ilk növbədə həkim idi və o, bu peşəni çox uca tuturdu. Həkimi Günəşə bənzədərək o deyirdi: “Həkim insanlara Günəş qədər lazımdır”.

Deputat xatırladıb ki, həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər çox aktual problemlərdən olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi:

“Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparır. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda o, namizədlik dissertasiyasını uğurla müdafiə edir. Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübədə uğurla tətbiqini tapır və nəticədə respublikamızda traxoma bir xəstəlik kimi ləğv olunur.

Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır.

Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib. Zərifə Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirib və Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru alimlik dərəcəsini əldə edib.

Zərifə xanım peşə xəstəliklərini dərindən öyrənmək məqsədilə uzun illər respublikamızın onlarla iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Məhz bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilmişdi. Qeyd etmək lazımdır ki, o, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi”.

M.İbrahimqızı bildirib ki, Zərifə Əliyeva bir sıra dərs vəsaitlərinin də müəllifi olub:

“Onun “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” kimi əsərləri bu gün də oftalmologiya sahəsində xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, görkəmli alimin göz yaşı xəstəliklərinə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük elmi mənbə kimi maraqla araşdırılır. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də çox ciddi məşğul olub və bu sahəyə dair çox önəmli iki monoqrafiya hazırlayıb. Fəxrlə demək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitablar da məhz Zərifə xanım Əliyeva tərəfindən yazılıb.

Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın açmış olduğu yol ölkəmizdə ildən-ilə daha da genişlənir, onun zəngin irsi, pedaqoji fəaliyyəti dərindən araşdırılır, öyrənilir və çoxsaylı tədqiqat əsərlərinin mövzusuna çevrilir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir