“Zərifə Əliyevanın qazandığı uğurlar tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir” – RƏY + FOTO

Siyasət


“XX əsr Azərbaycan oftalmologiya məktəbinin yaradıcısı akademik Zərifə Əliyevanın arzuladığı, görmək istədiyi Azərbaycan indi mövcuddur”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov akademik Zərifə Əliyevanın elmi fəaliyyəti ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir:

“Bu günlərdə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi tamam olur. Tale hər adama belə xoşbəxtlik nəsib etmir. Zərifə Əliyevanın atası Azərbaycan tarixində böyük şəxsiyyət, həkim, dövlət adamı, təşkilatçı kimi xatırlanır. Əziz Əliyevin səhiyyənin inkişafında da misilsiz xidmətləri olub. Belə bir ailədə Zərifə Əliyeva kimi nəcib insan dünyaya gəlib”.

A.İsgəndərov qeyd edib ki, professor Zərifə Əliyevanın həkimlik sənətini seçməsi ailə ənənəsi ilə əlaqədardır:

“Atası Əziz Əliyev, böyük qardaşı Tamerlan Əliyev, bacıları Ləzifə xanım ilə yanaşı, bibisi Göyçək xanım, əmisi Ziyad Əliyev, bibisi Şamama xanım Ələsgərova, bibisi oğlanları Qurban Əliyev (o, uzun illər respublikamızın Ali və orta ixtisas təhsili naziri olub), Yusif Əliyev görkəmli həkim, səhiyyə təşkilatçısı və tibb alimləri olublar. Zərifə Əliyevanın həkimlik və alimlik fəaliyyətinin böyük bir dövrü, o cümlədən, doktorluq dissertasiyası artıq sənayesi sürətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik xəstəliyinin – peşə xəstəliyinin müalicə və profilaktikasına həsr edilmişdi.

Ümummilli lider Heydər Əliyev öz xatirələrində dönə-dönə qeyd edir ki, həyat yoldaşı Zərifə Əliyeva Azərbaycan xalqının taleyi və tarixində uğurlu sənədlərə imza atıb. O, bu gün aramızda yoxdur. Amma istədiyi, arzuladığı Azərbaycan var. Azərbaycan dünya dövlətləri içərisində tanınır və tanınacaq da”.

Qeyd edək ki, akademik Zərifə Əliyeva görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir