“O illərdə səhnəyə çıxıb heç nə oynamaq istəmirdim, sanki həvəsdən düşmüşdüm…”
“Hər obrazımız gözəl, möhtəşəm alınmır. Səhvlərimiz də olur, hansısa rolumuz daha gözəl, hansısa daha zəif alınır. Bunu biz içimizdə hamıdan, ələxsus da tamaşaçıdan yaxşı bilirik. Bəzən olur ki, məşq zamanı həmkarımızdan xahiş edirik ki, “otur zalda bax, sonra çatışmazlıqları mənə deyərsən”. Bununla belə deyə bilmərəm ki, bu gün arzuladığım yerdəyəm. Mənə elə gəlir ki, çox zaman itirdim. Bir dönəm oldu ki, durğunluq idi, tamaşaçı teatra gəlmirdi. Tamaşaçı teatra gəlməyəndə aktyor istər-istəməz passivləşir. Aktyor tamaşaçı istəyir. Biz səhnəyə çıxıb, tamaşa oynayırdıq, hərdən zalda o qədər az adam olurdu ki, səhnəyə çıxıb, tamaşanı oynamaq istəmirdik. Həmin dönəmdə heç nə oynamaq istəmirdim. Sanki həvəsdən düşmüşdüm. Bir dönəm də oldu ki, teatrımız təmirə bağlandı, o dönəmlərdə də elə də çox rollar almadıq. Ara-sıra boşluqlar oldu. Bir də gördük ki, zaman keçib. İstədiyim obrazları artıq faktura imkan vermirdi ki, oynayım. Müəyyən rolları da özüm oynamaq istəmədim. Bəzi obrazları da mənə təklif edən olmadı. Təəssüflər olsun ki, bizim sənətimiz asılı sənətdir”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova deyib.
“Bəzən həyatdır, qanıqara olduğumuz günlər də olur. Tamaşaçı problemimizi bilməli deyil ki. Belə olanda daha rahat oluram. Ümumiyyətlə öz problemimi də sevmirəm ki, kimləsə bölüşüm. O insan mənə o qədər yaxın olmalıdır ki, onunla nəyisə bölüşə bilim. Problemlərimi bölüşməyi sevmirəm. Bu dəqiqə hər kəsin başında onsuz da bir problem var, mən öz neqativliyimi həmin insanın üstünə töküb, onu niyə yükləməliyəm ki?!” deyə aktrisa bildirib.
Vəfa Zeynalova dostlarının çox az olduğunu deyib.
“Dostum çox azdır, amma tanışlarım çoxdur. Dost olmaq üçün o qədər mən o insanı tanımalıyam ki. Öz xasiyyətimlə onun xasiyyəti üst-üstə düşməlidir ki, mən o insanla dostluq edim. Dost dediyim insanın üzünə baxanda jestlərindən, gözlərindən bilirəm ki, o nə istəyir. Hər insandan dost olmur. Buna zaman lazım gəlir. Dostuma xəyanəti, arxamdan iş çevirməyi bağışlamaram. Söz verib, sözü tutmayanda həmin insana çox əsəbi oluram. Çünki mən sözümün ağasıyam. Heç kimə yalandan söz verməyi sevmirəm. Əgər söz vermişəmsə, nəyin bahasına olursa-olsun onu yerinə yetirməliyəm. Onu da qarşı tərəfdən gözləyirəm. Bir şeyi bacarıramsa mütləq edəcəyəm. Mənim üçün ilk növbədə dostumun işidir” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, üzr istəməyi bacarmır.
“Üzr istəməyi bacarmıram. Üzr istəyəndə düşünürəm ki, özüm-özümü aldadıram. Bu hiss mənə yaddır. O illərdə hər zaman bütün məşqlərə gecikirdim. Mütləq Lüftü Məmmədbəyovdan sonra otağa daxil olurdum. İçəri girib deyirdim ki, “bağışlayın da, gec gəlmişəm”. Deyirdi ki, “elə et ki, üzr istəmək məcburiyyətində qalmayasan”. Mən də bunu etməyə çalışıram. Onsuz da üzr istəyə bilmirəm, elə edim ki, üzr istəməyim” deyə sənətçi bildirib.
www.RIA24.az