Voleybol üzrə “Heydər Əliyev kuboku”nun bağlanış mərasimi keçirilib.
Bu barədə Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Günay Salamova, Elqar Bağırov və İlqar Nuriyev iştirak ediblər.
İlk olaraq komandalar meydançaya dəvət olunublar. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə “Azərreyl” klubunun “Top-komandalar” kubokunu qazanmasından sonra voleybolçularla görüşündən video-rolik nümayiş olunub.
Sonra çıxış edən Şahin Bağırov “Heydər Əliyev kuboku”nun yüksək səviyyədə təşkil olunduğunu deyib. Burada iştirak edən klubların sayının daha çox olduğunu vurğulayan federasiya rəhbəri yarışın maraqlı mübarizədə keçdiyini də əlavə edib. Ş.Bağırov Ümummilli Liderin idmana, eləcə də voleybola daim qayğı göstərdiyini söyləyib, 2002-ci ildə “Azərreyl” klubunun “Top komandalar kuboku”nu qazandıqdan sonra Heydər Əliyevin voleybolçularla görüşünün bu idman növünə dövlət qayğısının göstəricisi olduğunu bildirib. Ölkə voleybolunun inkişafı istiqamətində görüləcək işlərdən qısa bəhs edən Ş.Bağırov qalibləri və iştirakçı komandaları gözəl mübarizə münasibətilə təbrik edib, zalda iştirak edən qonaqlara, yarışın təşkilində əməyi keçən hər kəsə, oyunları işıqlandıran media nümayəndələrinə və azarkeşlərə minnətdarlığını bildirib.
Daha sonra Faiq Qarayev və Raqif Abbasov çıxış ediblər.
Çıxışların ardından AVF 2022/2023 mövsümündə keçirdiyi yarışlar zamanı federasiyaya dəstək olan qurumları təltif edib.
Yarışların yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə Voleybol Mərkəzinə, qarşılaşmaların yüksək səviyyədə işiqlandırılmasına görə “CBC sport” telekanalına, yarışların yüksək səviyyədə idarə olunmasına görə AVF Hakimlər kollegiyasına mükafatlar təqdim olunub.
Daha sonra “Heydər Əliyev kuboku”nun qalibləri mükafatlandırılıb. Yarışın çempionu olmuş “Abşeron” və “Murov”, eləcədə ikinci yeri tutmuş “Azərreyl” və “Xarı bülbül Şuşa” komandalarına kubok və medalları Şahin Bağırov, Faiq Qarayev, Bəhruz Quliyev və Elqar Bağırov təqdim ediblər.
Sonda canlı olaraq Azərbaycan Respublikasının dövlət himni səslənib və “Heydər Əliyev kuboku” bağlı elan olunub.
www.RIA24.az