ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi Vaşinqtonun Cənubi Qafqaz siyasətində yenilənən aktiv fəaliyyətini işə salmasından xəbər verir.
ABŞ-nin arzusu regionda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə Rusiyanın üstün çəkilərini azaltmaqdır.
Vaşinqtonun Cənubi Qafqazda Rusiyaya nisbətdə primitiv müdaxilə imkanlarını genişlədib mükəmməl, topdağıtmaz gündəlik formalaşdırmaq iddiası nəzəri cəhətdən təhlükəli tendensiya deyil.
Ancaq iki detal üzrə təhlükəli prosesləri başladacaq mövqe Ağ Evin masasında mövcuddur.
Birincisi, Ağ Ev hələ də Azərbaycanın Laçın yolunun Ermənistanla birləşən hissəsində sərhəd-buraxılış məntəqəsi qurmasını həzm edə bilmir. Dövlət Departamentinin Blinken-Əliyev danışığına dair yaydığı məlumatda həmin məsələyə vurğu edilib.
İkincisi, Ağ Evin yanlışları və doğruları Rusiyanın regional mühitdəki qazını artıra bilər, bu, həm də Moskvanın Ukraynadakı hərbi kampaniyasının mümkün nəticələri ilə əlaqəli mövqedən irəli gəlir.
Blinkenin Əliyevə zəngi Rusiyanın danışıqlar prosesindəki rolunu azaltmaq və Azərbaycan-Ermənistan sülh gündəliyinin Vaşinqton mərkəzli tezislərə əsaslandığına inandırmaq məqsədləri daşıyır.
Ancaq qeyd olunan istiqamətlər məsələni yoxuşa doğru itələyə bilər, görünür ki, Azərbaycan tərəfi ABŞ-nin təklif etdiyi başqa məqamları da dəstəkləmir.
Bu mənada Blinken-Əliyev danışığı ilə bağlı hər iki tərəfin rəsmi məlumatlarında müəyyən məqamların qarşılıqlı olaraq işıqlandırılmaması başadüşüləndir. Deməli, iki dövlət hələ də çəkici eyni nöqtəyə vura bilmir.
Laçın yolundakı sərhəd postu istənilən vəziyyətdə Azərbaycanın əlini bir neçə dəfə gücləndirir, istər Rusiyadan, istərsə də ABŞ-dən fərqli məntiqlərlə etirazlar səslənsə də, artıq bunun elə də böyük əhəmiyyəti qalmır.
Qorxulu variantlardan biri ABŞ ilə Rusiyanın birlikdə gizli hərəkət etmək ehtimalıdır, məsələn, ATƏT-in Minsk qrupunun ölmüş həmsədrlik institutunu reinkarnasiya etmək cəhdi Vaşinqton-Moskva xəttində məqbul variantlardan biri hesab oluna bilər.
Təbii ki, bunun nəticə verəcəyi ehtimalı çox aşağıdır, çünki Rusiya-Ukrayna müharibəsi ilə qızışan rəqabət fonunda faktiki olaraq dəfn edilmiş həmsədrlik təsisatının dirilməsi çətin görünür.
Hər halda, Azərbaycan maksimal şəkildə diplomatik-siyasi həmlələrlə Minsk qrupunun hüquqi ləğvi və ya formatının dəyişdirilməsi prosesi üçün hazırlıqlar görməlidir ki, gələcəkdə keçmiş həmsədrlərə heç bir barmaq yeri qalmasın.
Ümumilikdə, ABŞ-Azərbaycan münasibətlərində mövqelərin yaxınlaşdırılması və uyğunlaşdırılması üçün xeyli məsafə qət edilib, lakin bircə erməni məsələsinə münasibətdə Vaşinqton bir qədər cığal davranır.
İnandırıcı deyil ki, Ağ Evdə bu mövqenin qalması iki ölkənin genişspektrli əməkdaşlığını daraltsın, əksinə, regional təhlükəsizlikdəki bir sıra çağırışlar Bakı-Vaşinqton əlaqələrinin dərinləşməsini zəruri edir.
Blinkenin Əliyevə zənginin regional məsələlərdə çıxaracağı səsləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin (Ceyhun Bayramov və Ararat Mirzoyan) Vaşinqtonda keçirəcəkləri görüşün nəticələri kontekstində qiymətləndirmək olar.
Bayramov-Mirzoyan danışıqlarından sonra isə Moskva aktivlik göstərəcək, yəqin ki, ali səviyyəli görüş üçün fəaliyyətə keçəcək.
Aqşin Kərimov
www.RIA24.az