Sənətkarlar məhsullarını sata bilirlərmi? – FOTO

Mədəniyyət


Azərbaycan tarixən sənətkarlıq mərkəzi olub.

Müxtəlif əl işləri hazırlayan insanlarımız bunu nə­sil­dən-nəs­lə ötü­rüb və sənətkarlığı getdikcə inkişaf etdiriblər.

Bu gün də ölkədə sənəti ilə dolanışığını təmin edənlər kifayət qədərdir. Onları isə bir problem birləşdirir – hazır məhsulları necə satmaq?

“Report” sənətkarlarla həmsöhbət olub, satış problemini müzakirə edib. Onlardan biri – metal üzərində bədii döymə işi ilə məşğul olan Zeydulla Ağayev deyir ki, ərsəyə gətirdiyi məhsulları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ayda bir dəfə təşkil etdiyi yarmarkalarda, eləcə də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki “Ailə Biznesinə Asan Dəstək” (ABAD) publik hüquqi şəxsinin mağazalarında sata bilir:

“Bu yollarla satış isə elə də asan başa gəlmir. Yarmarkalarda hər dəfə məhsulları yerləşdirmək üçün azı 50 manat yerhaqqı vermək lazımdır. ABAD isə satılan məhsulun dəyərinin 25%-ni marja kimi götürür. Yəni dəyərin 75%-i mənə qalır”.

“Koronavirus (COVID-19) pandemiyasından əvvəl yaxşı işləyirdik. Hazırda satış demək olar ki, dayanıb. Mənim sosial mediadan da yaxşı anlayışım yoxdur. 67 yaşım var, 50 ildir bu işlə məşğulam. Satış üçün vahid onlayn platforma yaradılsa, bu, daha əlverişli olar”, – deyə o qeyd edib.

Polimer gildən aksesuar hazırlayan Suzanna Gülmətova isə məhsullarını həm yarmarkalarda, həm ABAD-da, həm də sosial media hesablarında təqdim edir:

“Sosial mediada satış zəif olur. Yarmarkalar isə sərf etmir. Birgünlük 70*70-ə olan stendimə görə 50-100 manat yerhaqqı ödəyirəm. ABAD-la da işləyirəm, ora mən topdan məhsul verirəm. Məsələn, 50 manatlıq malı 45 manata verirəm, onlar da 50 manata satır. Ümumiyyətlə, mənim məhsullarımın qiyməti 5 manatdan başlayır. Ən bahalısı 100 manatdır. İstəyərdim ki, vahid platforma, xüsusi sayt olsun. Məhsullarımın şəklini çəkib sayta qoyum və satım”.

Yumşaq oyuncaqların istehsalı ilə məşğul olan Çinarə Məmmədova da əsasən ABAD-la işləyir:

“Mağazalara məhsul verirəm. Çətinliyim vergilərlə bağlıdır. Mən gördüyüm işlə riskli vergi ödəyiciləri qrupuna aid edilirəm. İşim suvenir istehsalı sayılır, amma mən işi evdən görürəm, anbarım yoxdur. Mən bu oyuncaqları və ya çantanı evimdə və yaxud yol gedəndə də hazırlaya bilərəm. Bunun üçün xüsusi bir yerə ehtiyacım yoxdur. Bu bizim üçün ayrı bir xərcdir. Bizim sahə niyə riskli vergi ödəyiciləri kimi qeyd olunub, bilmirəm. Yaxşı olardı ki, onlayn platforma yaradılsın. Təsəvvür edin, məhsulumu 24 manata mağazaya verirəm, onlar da öz marjasını qoyub baha satırlar. Bu da alıcını qaçırdır. Biz istəyirdik ki, məhsulumuzu xaricə çıxaraq, amma alınmır. Çünki bizə dəstək olan yoxdur. Əvvəlcə deyirlər, qablaşdırma etmək lazımdır, edirik. Sonra deyirlər, stend lazımdır, onu da düzəldirik, bütün şərtlərə riayət edirik amma axırda satış məsələsi alınmır”.

Məsələ ilə bağlı KOBİA-dan bildirilib ki, sahibkarların məhsullarının, o cümlədən əl işlərinin satışına dəstək məqsədilə yaratdıqları onlayn satış platforması – www.kobmarket.az saytında müxtəlif suvenirlər, rəsm əsərləri və s. istehsal edən mikro və kiçik sahibkarlıq subyektləri üçün də xüsusi bölmə mövcuddur. Sahibkarlar elektron ticarət portalına qoşulmaqla satış imkanlarını genişləndirə bilərlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı da mövcuddur.

“Kobmarket.az portalı məhsullarını tanıtmaq və satmaq üçün mikro və kiçik sahibkarlara dəstək məqsədilə yaradılmış bir portaldır. Yəni məhsulun satıcısını və alıcısını görüşdürən bir platformadır. Məhsulun keyfiyyətinə görə məhsulu satan tərəf məsuliyyət daşıyır. Portal sadəcə satıcı və alıcını bir araya gətirən platformadır. Alıcı məhsulu kimdən aldığını və satıcının kim olduğunu bilir”, – deyə açıqlamada qeyd olunub.

KOBİA-dan dəqiqləşdirilib ki, məhsulu bu portalda yerləşdirmək üçün heç bir ödəniş tələb olunmur.

ABAD-dan isə bildirilib ki, ABAD özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən və ölkədə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsinə real dəstək olan bir layihədir, sənətkarlara hüquqi yardım, təlimlər, marketinq, anbar, mühasibatlıq və nəhayət, satışın təşkili kimi xidmətlər göstərir. Dekorativ əşyaların satışı turistik və əlçatanlıq baxımından əlverişli məkanlarda ABAD-a məxsus etnobutiklərdə təşkil edilir. Eyni zamanda ABAD maliyyə axınlarının idarəedilməsi üzrə ABADçılarla işlək və sınaqdan keçmiş mexanizmə sahibdir və daxili bazarda sənətkarlıq üzrə hədiyyə/suvenir brendi olaraq səciyyələndirilməklə mərkəz (hub) funksiyasını icra edərək etnobutiklərlə yanaşı korporativ hədiyyə bazarında da öz rəğbətini qazanıb.

Satışa çıxarılan sənətkarlıq məhsullarının son istehlakçılara olan satış qiymətini ABADçı özü təyin edir. ABAD sadəcə bazar konyukturuna uyğun olaraq qiymət üzrə tövsiyələr verir. Satışdan daxil olan vəsaitlərin isə ikitərəfli qaydada imzalanmış Komissiya müqavilələrinə əsasən 25%-i ABAD-ın hesabında saxlanılmaqla qalan 75%-i ABADçının bank hesabına köçürülür və növbəti mühasibatlıq prosedurlarında yaxından dəstək göstərilir. Eyni zamanda ABAD-ın rəsmi saytında və sosial şəbəkələrdəki hesablarında ABADçılar və onların məhsulları barədə fotolar, videolar və bütün aidiyyəti məlumatlar yerləşdirilmiş, o cümlədən həmin məhsulları əldə etmək istəyən şəxslərə də imkan yaradılıb.

Satış göstəricilərinə gəldikdə isə əl işlərinin ABAD üzərindən həyata keçirilən satışlarının 83%-i etnobutiklərin, digər 17%-i isə korporativ müştərilərə olan satışların payına düşür. Satışların əhəmiyyətli hissəsinin baş verdiyi etnobutiklərin isə əsas alıcı auditoriyasını suvenir qismində alış-verişlər edən xarici turistlər təşkil edir. Təkcə 2019-cu ildə sənətkar ABADçıların bank hesablarına istehsal etdikləri məhsulların ABAD üzərindən satışından 817 min manat vəsait köçürülüb. Əfsuslar olsun ki, növbəti illərdə ilk növbədə turizm sektoruna zərbə vuran dünyanı bürüyən COVID-19 pandemiyası və digər təlatümlər məntiqli olaraq suvenir xarakterli məhsulların satışına da ciddi mənfi təsir göstərib. Hazırda ABAD üzərindən sənətkarlara məxsus məhsulların satış göstəriciləri 2019-cu ilin göstəricilərinə tədricən yaxınlaşmaqdadır. Ümumilikdə isə satışlar başlanılan 2017-ci ilin mart ayından 2023-cü ilin mart ayının sonuna olan göstəricilərə əsasən sənətkar ABADçıların bank hesablarına 3 milyon manat vəsait köçürülüb.

Özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən ABAD özü bir platformadır və hazırda 432 sənətkarı öz ətrafında birləşdirir. Bütün bu sənətkar ABADçıların, eləcə də ABAD sıralarına qoşulacaq olan növbəti ABADçıların rifahı və bütövlükdə ölkədə yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi ABAD-ın ən ali məqsədlərindəndir. Təsadüfi deyil ki, dövlət başçısının təqdim etdiyi “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Mədəniyyət və Yaradıcı Sənayelərin inkişafına xüsusi önəm verilib. Bu baxımdan sənətkarların fəaliyyətləri prosesində bəzi hallarda riskli vergi ödəyiciləri kimi sinifləşdirildikləri, bəzi hallarda məcburi dövlət sosial sığorta haqlarının dərəcələri kimi üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə müvafiq işlər aparılır və təkliflər verilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir