Ermənistan hakimiyyəti Rusiyaya Ukraynaya qarşı təcavüzə görə Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmağa fəal kömək edir.
“Report” xəbər verir ki, bu barədə Litvanın “Alfa” nəşrində dərc olunan məqalədə deyilir.
Nəşr yazır ki, Ermənistanın hakim siyasi elitasını qərbyönümlü şüarlarla siyasi opponentlərin təqibini ört-basdır edən ən mürəkkəb hakimiyyət kimi xarakterizə etmək olar: “Ermənistan Rusiyanın Ukraynaya qarşı təcavüzünün iqtisadi dayağı olaraq qalır. Bu ölkənin hakimiyyəti Rusiyanın Qərbin sanksiyalarından yayınmasına fəal kömək edir. Buraya təkcə mülki malların deyil, həm də Rusiya hərbi sənayesi üçün Avropa və Şərqi Asiyadan avadanlıqların tədarükü daxildir. Bu arada ingilisdilli erməni xəbər saytları ölkənin Qafqazda yeganə demokratik dövlət olması barədə saxta xəbərlər yayırlar”.
Məqalənin müəllifi qeyd edir ki, Ermənistan Rusiyaya sanksiya altında olan məhsulların tədarükü üçün böyük mərkəz və Ukraynaya qarşı təcavüz üçün hərbi-texniki təchizat bazası olmaqla yanaşı, həm də Rusiya-İran ittifaqına hərbi-texniki dəstək verir: “Ermənistanın imici o qədər korlanıb ki, aprelin 14-də Britaniyanın “The Telegraph” nəşri Qərbi rəsmi İrəvanla münasibətləri sərtləşdirməyə çağırıb.
“Bir çox erməni siyasətçilərinin və qeyri-hökumət təşkilatlarının bəyanatları, eləcə də bir çox başqa faktlar göstərir ki, Ermənistan Şərq avtokratiyasının klassik nümunəsi olaraq qalır”, – məqalədə deyilir.
Müəllifin fikrincə, Ermənistan hakimiyyəti müxalifətə, müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə, xüsusən də milli azlıqların maraqlarını təmsil edənlərə qarşı klassik avtoritar təzyiq və təqib üsullarından istifadə edir.
“Ermənistanda demokratiya ilə bağlı bəyanatlar regionun xüsusiyyətlərini dərindən bilməyən Qərb ictimaiyyəti üçün nəzərdə tutulub. Bu materiallar Ermənistan hakimiyyətinin Rusiya-İran koalisiyasına dəstək praktikasının Qərb mediasında getdikcə daha tez-tez ifşa olunmasına qarşıdır”, – Rumıniyanın “Newsweek” nəşrinin məqaləsində deyilir.
Buna misal olaraq aprelin 4-də Ukraynanın “Biz-Ukraynayıq” telekanalının saytında dərc olunmuş material göstərilir. Orada qeyd edilir ki, Ermənistan təkcə Rusiyaya sanksiyaya məruz qalmış məhsulların çatdırılmasını və Rusiyaya hərbi tədarükləri asanlaşdıran əsas mərkəz rolunu oynamır, həm də Rusiya-İran alyansı üçün hərbi-logistik dəstək rolunu oynayır.
“Qafqazda guya erməni demokratiyasının unikallığı ilə bağlı bəyanatlar Ukraynada müharibə başlayandan bəri baş nazir Paşinyanın ABŞ və Aİ-yə Qərbə yenidən meylləndiyini nümayiş etdirmək cəhdlərinə bərabərdir. Əslində, “eurereporter.co” və “nytimes.com” saytlarının məlumatına görə, rəsmi İrəvan Rusiya və İranla yaxın strateji və hərbi əlaqələri dəstəkləyir. Eyni sözləri erməni “demokratiyası” haqqında da demək olar”, – “Newsweek” yazır.
www.RIA24.az