Daxili İşlər Nazirliyi respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Cəmi 50 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2023-cü il may ayının 2-dən iyun ayının 2-dək http://www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi;
– ali təhsil haqqında diplom;
– hərbi bilet;
– əmək kitabçası (olanlar üçün);
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
“Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı vebsaytında yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-92-21; (012) 590-97-52;
(012) 590-93-27; (012) 590-94-12;
(012) 590-98-37
www.102info.az