Qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin üstünün isti izlərlə açılması təmin edilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətləri birgə məlumat yayıblar.
Məlumatda deyilir:
“Xəbər verildiyi kimi mayın 3-də Astara rayonunun Şümrüd kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Əzizovun kəndin meşəlik ərazisində üzərində xəsarət izləri olan meyitinin aşkar olunması faktına görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aslan Şüvünəliyev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir”.
www.102info.az