Zəngəzur dəhlizi reallaşdırıldıqdan sonra Naxçıvan üçün böyük perspektivlər açılır.
“Report”un xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibəsində deyib.
F.Nəcəfli bildirib ki, perspektiv planlar sırasında Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” dəhlizinə çevrilməsi prioritetlərdən biridir. İqtisadiyyatın müxtəlif sahələrində inkişaf proqramları işlənib hazırlanır:
“Xüsusilə, ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması işində roluna görə aqrar sahənin inkişafına daha çox diqqət ayrılır. Bu sahə ilə sıx bağlı olan meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi və su təminatının, su keyfiyyətinin yaxşılaşdırılması vacib məsələlərimizdən biridir. Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişaf etdirilməsi, sahibkarlığa dəstək və investisiyaların cəlbi də əsas hədəflərimiz sırasındadır. Ümumilikdə xammal potensialı daha çox olan ərazilərimizdə ailə təsərrüfatlarına, kiçik və orta biznesə dəstək, subsidiyaların verilməsi ən vacib məqamlardan biridir. Qarşıdakı əsas məqsədlərimizdən biri daxili və xarici bazarlar üçün “Orqanik Naxçıvan” ekoloji təmiz qida məhsullarının istehsal, emal, tədarük və çatdırma zəncirini formalaşdırmaqdır. Naxçıvan Muxtar Respublikasında yeni başlayan işlərdən biri də ərazinin mineral xammal ehtiyatlarının yenidən öyrənilməsidir. Hesab edirik ki, mövcud potensial əsasında rəqabətədavamlı yeni sənaye müəssisələrinin qurulması mümkündür ki, bunun da nəticəsində iqtisadi inkişaf tempi sürətlənəcək”.
Səlahiyyətli nümayəndənin sözlərinə görə, istehsal və xidmət sektoru üzrə ixtisaslaşan onlarla brendin ötən 3 ayda Naxçıvana gəlməsi onu göstərir ki, Naxçıvan investisiyalar üçün cəlbedici məkandır:
“Yaxın günlərdə Naxçıvanda yeni duz istehsalı zavodu və mineral sular istehsalı sahələri də fəaliyyətə başlayacaq. Ordubadda ənənəvi konserv və ipəkçiliyin yenidən canlandırılması da hədəfimizdir”.
www.RIA24.az