Bir müddət əvvəl qatıldığı imtahanda xoşagəlməz hadisə yaşayan və zaldan çıxarılan şagirdlə bağlı müsbət qərar verilib.
Bununla bağlı imtahan zamanı üzərində telefon olduğunu öyrənən və onu təcili formada nəzarətçiyə təhvil verən həmin şagird – Nur Əhvədovanın anası, aktrisa Ellada Sarvan sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, Nur imtahana buraxılacaq: “Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi. Bir neçə gün öncə kədərimi sizinlə bölüşdüyüm kimi, indi də sevincimi bölüşmək istədim”.
Bir neçə gün əvvəl imtahanda iştirak edən qızı, Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi Nur Əhmədovanın imtahana buraxılmamasından şikayətçi olan aktrisa artıq övladı üçün yenidən imtahan keçiriləcəyini deyib:
“İmtahan günü imtahan rəhbəri protokolda hadisəni düzgün qeyd etdiyinə görə, bu gün müsbət cavab ala bildik. Mən şəxsən Məleykə Abbaszadəyə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, aktrisanın qızı imtahana girməmişdən öncə gödəkçəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Ellada Sarvan şikayətində bunu övladına qarşı haqsızlıq kimi qiymətləndirmişdi. Amma DİM-dən həmin zaman verilən açıqlamada şagirdin imtahana yenidən buraxılmasının mümkünsüz olduğu bildirilmişdi.
www.102info.az