Maraqlı obrazları ilə tamaşaçı rəğbəti qazanan aktyor Natiq Fərzəliyev giley-güzar edib.
Lent.az-a açıqlama verən aktyor 42 illik xidməti müqabilində bu günə qədər heç bir fəxri ad almamasından, adının prezident mükafatçıları siyahısına salınmamasından şikayətçidir.
“Nə fəxri adım, nə evim var. Yetiməm ona görə? Ağlamayana süd vermirlər. Gərək elə hamımız ağlayaq, səsimizi eşitsinlər. Hər il Prezident mükafatını eyni adamlara verirlər.
Bu mükafatı aktyorların maddi vəziyyətinə kömək etmək üçün təsis ediblər. Hər il may ayında verilir, mükafat alan aktyor maaşından əlavə ilboyu 500 manat alır.
Təqdimatı teatrın direktoru Mədəniyyət Nazirliyinə göndərir. Ancaq hər il eyni adamlara verirlər, bir çox aktyorlar qalır kənarda. Heç kəs də dinmir.
Naxçıvan teatrında belə bir qayda var, aktyorların adı bu mükafatı almaq üçün sıra ilə təqdim olunur. Heç kəs də narazılıq etmir. Bakıda bir neçə nəfər var, siyahıda ancaq onların adı gedir. Hərdən bir-iki nəfərin adı dəyişir, vəssalam. Dünən gələn gənc aktyorlara verirlər, illərlə əmək vermiş aktyorlar yada düşmür. Bu, əlbəttə, narazılıq yaradır”, – deyə aktyor bildirib.
O, həmçinin qeyd edib ki, 10 il öncə Əməkdar artist fəxri adı almaq üçün adı nazirliyə göndərilsə də, dəyişən heç nə yoxdur.
“Ölməsəm, qalsam, bəlkə gələn il yada düşərəm”, – deyə Natiq Fərzəliyev qeyd edib.
www.RIA24.az