Paşinyanın qulağına pıçıldananlar, sərhəddəki insident, Brüssel görüşünün ləğvinə cəhd – TƏHLİL

Müharibə


Azərbaycan-Ermənistan sərhədində növbəti dəfə insident yaşanır. Ermənistan bu dəfə silahları Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun mövqelərinə qarşı tuşlayır – bu, əsasən, Kəlbəcərlə sərhəd xəttindəki vəziyyətin gərginliyini təsvir edir. Onsuz da, Basarkeçərdən Kəlbəcərə uzanan mövqelər həssasdır və zamanla burada bir neçə toqquşma da qaçılmaz olacaq.

Ümumiyyətlə isə geniş mənada sərhəddə atışmalar, insidentlər davam edəcək, çünki birinci növbədə Azərbaycanın delimitasiyaya dair tələblər paketi Ermənistanı hərbisizləşdirəcək zəngin gündəmə əsaslanır.

İkincisi, regiondakı situasiyanı ələ alıb, onu yönləndirmək, idarə etmək üçün Rusiya ilə Qərb arasında qızğın mübarizə davam edir və Moskva İrəvanı cəzalandırma aktına məruz qoymaq üçün geniş gündəliyə malikdir.

Üçüncüsü, hazırkı insidentin motivi Rusiyanın ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında keçirilən görüşlərə tərs mütənasib davranmasının nəticəsi kimi başa düşülə bilər. Çünki Rusiyanın regionda və qlobal siyasətdə mövqeləri zəifləməyə başladıqca, o, tarixi-siyasi miras kimi baxdığı Cənubi Qafqazı öz damı altında saxlamaq üçün müxtəlif variantlara gedir.

Hadisənin baş verməsini digər bir fonda – Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya getməsinin izi ilə – şərh etmək də lazımdır.

Düzdür, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında aparılan müzakirələr sülhə bir addım yaxınlaşma əlamətlərini göstərir. Hərçənd ki, görüləsi və geniş diskussiya mövzusu olacaq məsələlər hələ də açılmamış düyün kimi qalır.

Vaşinqtondan sonrakı düyünləri açmaq üçün Rusiya və Avropa İttifaqı bir-birilə “didişdilər”, lakin Bakı-İrəvan kanalı Moskvadan öncə Brüssel formatına üstünlük verdiyini nümayiş etdirdi.

İndi sərhəddəki toqquşmalar Rusiyanın Brüssel formatını etibarsızlaşdırmaq və ya həmin görüşdən sonra Moskvanın daha etibarlı olduğunu göstərmək üçün planı kimi dərk edilə bilər.

Bəlkə də, təəccüblü səslənə bilər, lakin Nikol Paşinyanın özü də Rusiyaya az pas atmır.

Birincisi: Paşinyan mayın 4-də bəyan etdi ki, Avropa İttifaqının monitorinq missiyasını Ermənistana dəvət etmək barədə qərar asan olmayıb. Çünki Aİ missiyası təhlükəsizliyə zəmanət vermir, əksinə, yeni çağırışlar yaradır. Bu, Paşinyanın Rusiya meydanına atdığı topdur, məqsədi “mən Aİ missiyasından imtina edə bilərəm, lakin əvəzində sərhədə KTMT kontingenti göndərilsin” ismarışını çatdırmaqdır.

İkincisi: Paşinyan 9 May Qələbə paradında iştirak üçün Moskvaya getdi, onun Rusiya Prezidenti Vladimir Putinin qulağına hansı sözləri pıçıldadığını və Putinin ona hansı cavablar verdiyini sərhəddəki toqquşmalar açır.

Üçüncüsü: Nikol Paşinyan Moskvadan qayıtdıqdan sonra, mayın 10-da Ermənistanın hüquq-mühafizə orqanlarının yüksəkvəzifəli məmurları ilə görüş keçirdiyi zamanda Rusiyada KTMT qüvvələrinin sərhədə yerləşdirilməsi tələbləri bərq vurmağa başladı.

Dördüncüsü: Mayın 10-da Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev İrəvana getdi, onun qovluğundakı müzakirə sənədlərinin nə olduğunu əvvəlki günlərdəki xronoloji ardıcıllıqda tapa bilərik.

Ancaq Ermənistan ona verilən vədlərin, Qərbdə və Rusiyada qulağına pıçıldanan ifadələrin cazibəsinə çox aldanır, elə düşünür ki, bunun İrəvanın xeyrinə praktiki əhəmiyyəti olacaq. Ona görə də sülh danışıqlarından sonra və onun davamının gəldiyi vaxtda qərar qəbul etmək əvəzinə, təxribatlara gedir və bunun əlamətlərini sərhəddə göstərməklə regionda eskalasiya riski yaradır.

Bunun bir səbəbi də Azərbaycanın Laçın rayonunun Ermənistanla “sıfır nöqtəsində” quraşdırdığı sərhəd-buraxılış məntəqəsinin danışıqların mənasını dəyişdirməsi və prosesi sürətləndirməsi ilə əlaqədardır.

Yəni danışıqların mənalandırılması üçün dinamik qərarlar lazımdır, Ermənistan isə bir mərhələdə özünü göstərir, həlledici anlarda isə prosesdən yayınmaq üçün bulanıq sulara tullanır.

Əgər Paşinyan bu addımlarını Moskvada razılaşdırıbsa, onda məntiqi bir fikir ortaya çıxır ki, Ermənistan mayın 14-də gözlənilən Brüssel görüşünün ləğvinə çalışır.

Hər halda, danışıqlardan əvvəl Ermənistanın Zod istiqamətində əlavə qüvvə cəmləşdirməsi insidentin miqyasını genişləndirmək cəhdindən xəbər verir ki, bu da sülh gündəliyindəki praqmatik ideyaları zədələyə bilər.

Ancaq hesab edirik ki, Brüssel görüşü baş tutacaq və ardınca da Moskvada tərəflər bir araya gəlmək üçün imkanlarını tükətməyəcəklər.

Ermənistana dəstəklər bu müddətdə dekorativ xarakter daşıyacaq və mahiyyət etibarı ilə Azərbaycanın strateji maraqlarının önünə keçə bilməyəcək.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir