Sahibə Qafarova Fransa XİN başçısının fikirlərinin qəbuledilməz olduğunu səfirin diqqətinə çatdırıb – FOTO

Siyasət


“Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna verdiyi müsahibədə səsləndirdiyi iddialar qəbuledilməzdir”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşü zamanı deyib.

Sahibə Qafarova səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ümidvar olduğunu bildirib ki, o, Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyətində ölkələrimiz arasında münasibətlərə öz töhfəsini verəcək.

Spiker qeyd edib ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Milli Məclisin sədri bu 30 il ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu qeyd edib. O, həmçinin, tərəflər arasında iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, mədəniyyət, təhsil sahələrində müsbət əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Qeyd olunub ki, çoxsaylı yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli münasibətlərimizdə mühüm rol oynayıb. Spiker Prezident İlham Əliyevin Fransaya 13, Fransa prezidentlərinin üç dəfə ölkəmizə səfər etdiyini xatırladıb. O, həmçinin Heydər Əliyev Fondunun Fransadakı fəaliyyətini qeyd edib.

Milli Məclisin sədri ötən dövrlərdə ikitərəfli münasibətlərdə əldə olunmuş bu nailiyyətlərə baxmayaraq, bəzi Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə açıq şəkildə Ermənistana dəstəyini ifadə edən, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və ermənipərəst siyasətini göstərən bəyanatlarının Azərbaycan ictimaiyyətinin haqlı və ciddi narazılığına səbəb olduğunu xatırladaraq, bu kimi təxribatçı bəyanatların ikitərəfli münasibətlərimizə mənfi təsir göstərdiyini qeyd edib. Spiker, bu çərçivədə Fransa Senatında və Milli Assambleyada qərəzli qətnamələrin qəbul edilməsini pisləyib. Sahibə Qafarova xatırladıb ki, 2022-ci ilin noyabrında Milli Məclis tərəfindən Fransa Senatında və Milli Assambleyada Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsini pisləyən Bəyanat qəbul edilib və parlamentarilərimiz Fransanın rayon və şəhərlərinin nümayəndələrinin, Milli Assambleya və Senat üzvlərinin təxribat xarakterli fəaliyyətinə və bəyanatlarına öz narazılıqlarını bildiriblər.

Spiker Sahibə Qafarova Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın İctimai Radiosuna verdiyi müsahibədə səsləndirdiyi iddiaları da qəbuledilməz adlandırıb. Onun fikrincə, bu kimi qeyri-obyektiv fikirlər göstərir ki, Fransa bu məsələdə birtərəfli, qərəzli mövqeyini davam etdirir. Hamıya aydın olmalıdır ki, Qarabağ regionu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və ölkəmizin ayrılmaz hissəsidir.

Səfir Ann Buayon görüşə görə minnətdarlığını bildirib. O, Azərbaycanda diplomatik fəaliyyətə başlayandan sonra keçirdiyi görüşlər barədə məlumat verib.

Səfir ölkələr arasında münasibətlərdə qanunvericilik orqanlarının mühüm rolunu qeyd edib, parlamentarilərin qarşılıqlı əlaqələrinin əhəmiyyətini vurğulayıb. O, Fransa parlamentində qəbul olunan sözügedən qətnamələrin hökumət tərəfindən dəstəklənmədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir