“Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

Cəmiyyət Gündəm

Azərbaycan həkimləri sağlamlıqlarını təhlükəyə atmaqla koronavirusa qarşı fədakar mübarizəni davam etdirirlər. Onlardan biri də 25 ildir 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) mamalıq və ginekologiya şöbəsində anestezioloq-reanimatoloq kimi çalışan Hicran Mustafayevadır. Pandemiyanın başlaması ilə həkim Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna və “Semaşko” infeksiya şöbəsinə göndərilib. 1 saylı Kliniki Tibbi Mərkəz iyunun 18-də pandemiya xəstəxanası elan edildikdən sonra H.Mustafayeva öz şöbəsinə qayıdıb. Buradakı xəstələr və zahı qadınlar başqa xəstəxanalara göndərilib. İndi bu binada yalnız COVID-19 xəstələri müalicə olunur.

Media.Az-a müsahibəsində Hicran Mustafayevanın bildirdiyinə görə, bu gün vəziyyət o yerə çatıb ki, hətta ginekoloqlar işə qoşulub və koronavirus xəstələrinin müalicəsinə kömək etməyə başlayıb.

Xəstələr

H.Mustafayeva söyləyib ki, son vaxtlara qədər işlədiyi korpus hələ də boş yerlərin qaldığı yeganə şöbə idi. Lakin bir neçə gündür ki, korpus COVİD-19 xəstələri ilə dolub. Mamalıq və ginekologiya şöbəsində hazırda koronavirusa yoluxmuş 68 nəfər yerləşdirilib, onlardan 14-ü reanimasiyadadır. Xəstələrin heç biri ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmayıb.

“Məsələ burasındadır ki, biz son ana qədər xəstənin traxeyasını intubasiya etməməyə (süni tənəffüs aparatına qoşmamağa – red.) çalışırıq. Yalnız həyati təhlükə olduqda bunu edirik. Mümkün olduğu qədər xəstələr özləri nəfəs almalı, ağciyərlərini məşq etdirməlidirlər, çünki süni tənəffüs aparatına qoşulduqda ağciyər əzələləri işləmir, öz funksiyalarını itirir və digər orqanlar da zərər görür. Süni tənəffüs aparatından çıxmaq çox çətin olur. Dünya təcrübəsinə əsasən, intubasiya olunmuş xəstələrin yalnız kiçik hissəsi özünə gəlir. Xəstələrin, demək olar ki, hamısı Bobrov aparatına bağlı oksigen maskaları ilə nəfəs alırlar. Ağciyərləri nəmləndirilmiş oksigenlə zənginləşdirərək, onlar koronavirus infeksiyasının müalicəsində çox kömək edir və yüngül səviyyədə ağciyər çatışmazlığını müalicə etmək üçün qeyri-invaziv üsuldur.

Reanimasiyada xəstəxanaya kritik vəziyyətdə – norma 100 faiz götürüldükdə 60-65 faiz saturasiya (qanda oksigenin miqdarı – red.), nəfəs darlığı, boğulma və yüksək temperaturla çatdırılan xəstələr var. Adi palatalarda olanlar 80% saturasiya ilə daxil olublar. Ancaq hamısı oksigen maskaları ilə təmin olunur. Daha ağır xəstələr vəziyyətlərinə nəzarəti asanlaşdırmaq üçün digərlərindən ayrı yerləşdirilir.

Bizdə həmçinin ağciyərlərin süni ventilyasiya funksiyasını yerinə yetirən SİPAP cihazlarımız da var. Bu, müəyyən təzyiq altında sabit hava axınını tənəffüs yollarına elastik boru və hermetik burun maskası ilə çatdıran kiçik kompressordur. Biz SİPAP-dan xəstənin intubasiyasından əvvəlki son şans kimi istifadə edirik.

Bu yaxınlarda bizə kritik göstərici sayılan 45 faiz saturasiya ilə 53 yaşlı kişi gətirildi. Protokola görə, onun intubasiya edilməsi lazım idi, amma biz risk etməyə qərar verdik və SİPAP rejiminə müraciət etdik. Xəstəni ağır vəziyyətdən çıxara bildik. Bu gün onun saturasiya səviyyəsi 80%-dir. Gözləri yaşlı adam əli ilə bizə necə minnətdar olduğunu göstərdi. Bu, çox dəyərlidir! Bu insanın tamamilə sağlam həyat tərzi keçirdiyini və xroniki xəstəliklərdən əziyyət çəkmədiyini qeyd etmək vacibdir”, – deyə, H.Mustafayeva bildirib.

Onun müşahidələrinə əsasən, xüsusilə 65 yaşdan yuxarı kişilər, ümumiyyətlə, qadınlarla müqayisədə koronavirusu daha ağır keçirirlər. Pandemiya xəstəxanalarındakı xəstələrin əksəriyyəti məhz kişilərdir.

“Digər xəstəxanalardakı həmkarlarımız təsdiqləyirlər ki, süni tənəffüs cihazına qoşulanların böyük əksəriyyəti kişilərdir. 50 yaşa qədər qadınlar xəstəliyi nisbətən yüngül keçirirlər. Yaşla, xroniki xəstəliklər və zəif immunitetlə əlaqədar xəstəliyin ağır şəkildə keçmə riski əhəmiyyətli dərəcədə artır”, – deyə, həkim vurğulayıb.

H.Mustafayeva xəstəxananın antivirus və antibakterial dərmanlarla, həmçinin antikoaqulyantlar və vitaminlərlə tam təmin olunduğunu da qeyd edib.

İş şəraiti

Anestezioloq-reanimatoloqlar gərgin şəraitdə işləyirlər – səkkiz saatlıq növbə səkkiz saatlıq yuxu fasiləsi ilə əvəzlənir. Hicran Mustafayeva növbəsini iki reanimatoloq – Samirə İsmayılova və Sevinc Bektaşi ilə bölüşür.

Bir qayda olaraq, xüsusi rejimli xəstəxanaların həkimləri doğmalarını və yaxınlarını təhlükəyə atmamaq üçün karantin hotellərində qalırlar. Hicran Mustafayeva xəstəxanaya yaxın yaşadığı, şəxsi nəqliyyat vasitəsindən istifadə etdiyi və tək yaşadığı üçün evində gecələyir. Dediyinə görə, növbətçilik ona həm fiziki, həm də mənəvi cəhətdən ağırdır.

“Qoruyucu sellofan kostyum-skafandrlarda işləmək, sadəcə, dözülməzdir. Çox tərləyirik. Növbənin sonunda onları çıxararkən tərdən islanaraq, kondisionerlərin təsiri altında və ya küçədə soyuqlamaqdan qorxuruq. Bəlkə də, buna görə səsim batmışdı. Kostyumlar birdəfəlikdir, növbə üçün verilir. Növbədə nəsə yeyib-içməyə belə vaxtımız yoxdur.

Ancaq ən çətin şey bütün bunlara psixoloji cəhətdən tab gətirməkdir. Yadımdadır, gecə işdən qayıdarkən məni postda saxladılar. Polis həkim olduğumu bilən kimi salam verdi və işimizə görə təşəkkür etdi. O an göz yaşlarım axdı. Əsəblərim artıq son həddədir… Hərçənd, özümü heç vaxt zəif insan hesab etmirdim. İndi əminliklə deyə bilərəm ki, cəhənnəmi yerdə gördüm…

Tez-tez boğulmaqdan və ölməkdən qorxan xəstələri sakitləşdirmək məcburiyyətində qalırıq. Bəzən təşviş üçün xüsusi səbəb olmadan həkimləri çağırırlar, bizi daha ağır xəstələrdən yayındırırlar. Onlarla danışmaq, izah etmək lazım gəlir. Onları günahlandırmıram, xəstəliyin əsəb pozğunluğuna və qorxuya səbəb olduğunu başa düşürəm. Onlar bizə tərləmiş ikiqat şüşədən baxırlar, qarşısında hansı həkimin olduğunu anlamır, bir baxışı tutmağa çalışırlar… Üstəlik, daim gərgin vəziyyətdəyik, özümüz də yoluxub-yoluxmayacağımızı bilmirik”, – deyə, H.Mustafayeva bildirib.

Həkim koronavirus üçün iki testdən keçdikdən və mənfi cavab aldıqdan sonra iki həftəlik istirahətə gedə biləcəyini söyləyib. Ancaq vaxtından əvvəl geri çağırılmaq ehtimalını da istisna etməyib. Səhiyyə işçilərinin üzləşdikləri risklərdən danışan H.Mustafayeva iyun ayının əvvəllərində bir çox həkimin yoluxduğunu qeyd edib. Onların arasında qoruyucu kostyumlarda işləməyə dözə bilməyərək geyimlərini çıxaranlar da olub. Bir çoxları artıq sağalıb və işinin başına qayıdıb.

“Məlumdur ki, yaxşı qidalanma, bütün infeksiyalar kimi, koronavirusun da profilaktik tədbirlərinə aiddir. Axı, insanın immuniteti birbaşa qidalanmadan asılıdır. Bunu bilən xüsusi rejimli xəstəxana həkimləri imkan daxilində həmin qaydaya riayət etməyə çalışırlar və növbə arasında əlavə olaraq C vitamini qəbul edirlər və bal yeyirlər”, – deyə, həkim bildirib.

İnanmayanlar üçün

İnsanların nəyə görə koronavirusa inanmadığını soruşduqda isə H.Mustafayeva cavab verib ki, inanmayanlar yekunda özlərini pandemiya xəstəxanalarında görürlər. O qeyd edib ki, xəstələrin arasında səhvlərini etiraf edənlər çoxdur. Onun fikrincə, bütün qəbahət maska ​​taxmaq, sosial məsafəni saxlamaq və əl gigiyenası kimi elementar profilaktik tədbirlərə əməl olunmamasındadır.

“Anlayın, koronavirus bu qədər sürətlə yayılır… Yoluxmaq üçün pandemiya xəstəxanasında işləmək lazım deyil, onu supermarketdə də asanlıqla tutmaq olar. Reanimatoloq olduğumu bilən tanışlarım tez-tez yoxlanmaq üçün zəng edirlər. Bəzən biri ilə danışıram və bir neçə gündən sonra onun ağır vəziyyətdə pandemiya xəstəxanasında olduğunu öyrənirəm. Bu, çox qorxuludur!”, – H.Mustafayeva bildirib.

Sonda həkim oxucularımıza simptomlar olmadıqda ağciyərlərin kompüter tomoqrafiyasından keçməməyi tövsiyə edib.

“Bir çoxu özünü sakitləşdirmək xatirinə yoxlamaya yazılır. Axı radiasiya ilə yanaşı, klinikalarda digər xəstələrdən də koronavirusa yoluxmaq mümkündür”, – deyə, Hicran Mustafayeva sözlərini yekunlaşdırıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir