Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, nəticələri Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.
Onun sözlərinə görə, onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7024 nəfər namizəddən 1325 nəfər növbəti əyani mərhələdə iştirak etmək hüququ qazanıb:
“Növbəti mərhələyə uğurla keçən namizədlərin 1095-i kişi, 230-u qadındır. İştirakçılardan 404 nəfəri ikinci, 220 nəfəri isə müsabiqəyə üçüncü dəfə qatılıb. Müsabiqədə iştirak üçün müraciət edənlərdən 683 nəfəri 21-30, 54 nəfəri isə 41-51 yaş aralığındadır. İştirakçıların 687 nəfəri dövlət, 665 nəfəri özəl, 24 nəfəri QHT, 20 nəfəri isə beynəlxalq qurumların əməkdaşıdır.
F.Hacıyev qeyd edib ki, qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir:
“Əyani mərhələ qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqlarına görə olmaqla, iki imtahandan ibarətdir. Əyani mərhələni uğurla keçmiş iştirakçılar yarımfinal mərhələsinə adlayacaqlar. Qiymətləndirmə konfransı formatında keçiriləcək yarımfinal və final mərhələlərində iştirakçıların şəxsi keyfiyyətləri və bacarıqları ekspertlər tərəfindən qiymətləndiriləcək”.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 manat dəyərində pul mükafatı gözləyir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.
İlhamə Əbülfət
www.102info.az