Bu gün 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qızıl şah” 3-cü Milli Kulinariya Çempionatına start verilib.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, yarış “Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və “CEO Azerbaijan” MMC-nin dəstəyi ilə keçirilir.
İki gün ərzində Milli Kulinariya Çempionatında 100-dən çox iştirakçı “Gənc aşpaz”, “Böyük aşpaz” və “Qənnadıçı aşpaz” kateqoriyaları üzrə yarışacaq. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışın sonunda ən yaxşı 100 iştirakçının reytinqi müəyyənləşdiriləcək.
Çempionatın münsiflər heyətində İtaliya, Böyük Britaniya, Serbiya, ABŞ, Xorvatiya, Rusiya, Monteneqro və digər ölkələrdən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) hakimləri təmsil olunurlar.
Bu il “Qızıl Şah” Milli Kulinariya Çempionatı Azərbaycanda ilk dəfə olaraq rəsmi “Worldchefs” çempionatı statusu ilə keçirilir. Bu isə Milli Kulinariya Çempionatının qaliblərinin, yarışın nəticələrinin və praktika keçən münsiflərin sertifikatlarının Beynəlxalq Kulinariya Cəmiyyəti tərəfindən birbaşa tanınmasına imkan yaradır.
Milli Kulinariya Çempionatı çərçivəsində “Worldchefs”dən gələn münsiflər və iştirakçılar üçün müxtəlif mövzularda seminarlar da təşkil edilib. 2019-cu ildən keçirilən “Qızıl Şah” Milli Kulinariya Çempionatı azərbaycanlı kulinarlara öz peşəkarlıqlarını nümayiş etdirməyə, beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə imkan yaradır.
www.RIA24.az