“Azərbaycan xüsusi xidmət orqanları ölkəmizdə yalandan ajiotaj yaratmaq istəyən, təxribata cəhd edən, agent şəbəkəsi formalaşdırmağa can atan xarici xüsusi xidmət orqanlarının niyyətini peşəkarlıqla ifşa edir, onların qanunsuz əməllərinin qarşısını operativ ala bilirlər”.
Bu sözləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib. O qeyd edib ki, xüsusi xidmət orqanları dövlətçiliyimizin keşiyində dururlar:
“Ölkənin daxili işlərinə qarışmaq istəyən və ya Azərbaycanın daxilində agentura şəbəkəsi formalaşdırmağa cəhd edən qüvvələrin qarşısı qətiyyətlə alınır. Bunun nəticəsidir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətinin qarşısının alınması barədə vaxtaşırı məlumat yayılır. Bütün tədbirlər bir daha göstərir ki, vətəndaşlarımız kiminlə əlaqədə olduqlarının, nə kimi çirkin fəaliyyətə alət edildiklərinin fərqinə varmalıdırlar. Heç kim düşünməsin ki, atdığı addım, gördüyü iş gizli qalacaq. Bugünkü texnologiya imkan verir ki, qeyri-qanuni hərəkətlərin, vətənə xəyanətin qarşısı alınsın”.
Aydın Mirzəzadənin sözlərinə görə, insanlar bəzən dilə gətirirlər ki, bu məsələlərə bilməyərəkdən alət olublar. Deputat hesab edir ki, belə məqamlarda xüsusi diqqətli olmaq vacibdir:
“Kiminlə, nə danışdıqlarını götür-qoy etməli, təhlükəni başa düşməlidirlər. Nə marağı var ki, xaricdə yaşayan kimsə Azərbaycan haqqında sizi sorğu-sual edir, hansısa əməl qarşılığında vədlər verir? Bu hər bir halda şübhəli addımlardır və insanlar ayıq-sayıq olmalıdırlar. Vətəndaşlarımız atdıqları addımların Azərbaycanın xeyrinə, yaxud ziyanına olduğunun hesabatını özlərinə verməlidirlər. Atıla biləcək ən böyük addım vətəndaşın özünün sayıqlığıdır. Sosial şəbəkələr üzərindəki şəxsi yazışmaları nəzarətdə saxlamaq mümkün deyil və qanuni cəhətdən düzgün deyil. İnsanlar, sadəcə, özləri bunun fərqinə varmalı, dövlətin əleyhinə addımlara yol verməməlidirlər”.
Aysel Aslan
www.RIA24.az