Lənkəran Ağır Cinayətlər Məhkəməsinə Neftçalada qətl törətməkdə təqsirləndirilən Saleh Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsi isə Saleh Qurbanovun apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə 2022-ci il avqustun 29-da Neftçala rayonunun Xıllı qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbə sakini, 38 yaşlı Saleh Qurbanov qonşusu, 65 yaşlı Səxavət Əliyevgilə gəlib və tərəflər arasında münaqişə yaranıb. Bu zaman Saleh Qurbanov özü ilə gətirdiyi qoyun qırxımı üçün nəzərdə tutulmuş qayçı ilə Səxavət Əliyevə bir neçə dəfə zərbə vurub və hadisə yerindən qaçıb.
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Neftçala Rayon Prokurorluğunun yaydığı məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
www.102info.az