Tarix 2010-cu il, 5 oktyabr, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “N” saylı hərbi hissədə olur.
Dövlət başçısı müşahidə məntəqəsindən təmas xəttini seyr edir. İndi zamanıdır ki, həmin müşahidədən gəlinən qərarlarla sonrakı proseslər arasında tənasüb tənliyi quraq.
Bu tənliklər mürəkkəb idi, çətin idi, təkcə ona görə yox ki, ümumilikdə Naxçıvanın təhlükəsizliyi baxımından dəstəkləyici addımlar atmaq lazım idi. Həm də ona görə ki, strateji kommunikasiya yollarını geniş spektrdə müşahidə altında saxlamaq və bunu vahid orqanizm şəklində hərbi təhlükəsizlik çətiri altında birləşdirməyin zamanı idi.
Artıq zamanı çatıb, bizcə, dövr keçdikcə müəyyən qərarlar və hərbi əməliyyatların üzərindən məxfilik qrifi götürülür, bu, bizi istər-istəməz lenti geri fırlamağa çağırır, çünki hər şey məhz 2010-cu ildən başlamışdı.
Bəli, Ali Baş Komandan təmas xəttini müşahidə edərkən lazımi qərarlar çıxarılır, bunun nəticəsi səkkiz ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu əməliyyatla Günnütdə üzə çıxır.
Hərbi-strateji xərcləmələrin doğurduğu effektiv mənzərəni canlı şəkildə izləmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2018-ci ilin mayında işğaldan azad edilən 11 min hektarlıq əraziyə yollanırıq.
Hərbi maşınlarla dolanbaclı və mürəkkəb relyefdə hərəkət edirik, xeyli çətin olan yolları üzüyuxarı qalxdıqca Günnüt əməliyyatının motivləri haqqında təəssürat canlanır.
11 min hektarlıq əraziyə doğru irəlilədikcə Əlahiddə Ümumqoşun Ordunun relyef boşluqlarından məharətlə sızmaq üçün tərtib etdiyi döyüş planının mükəmməlliyi haqqında aydın təsəvvür yaranır.
Əməliyyat diqqətlə, dəqiqliklə, strateji incəliklə hazırlanıb, dağlıq-qayalıq relyefdə çətin keçilən yollar Ermənistanda belə fikir formalaşdırıb ki, Azərbaycan Ordusu heç zaman həmin əraziləri nəzarətə götürə bilməz.
Azərbaycanın Ordu komandanlığı nəticələrlə risklər arasındakı uzlaşmanı yaxşı hesablayır, Ermənistanın isə, necə deyərlər, həmin ərazilərlə əlaqədar təsəvvürləri mürgü vururdu, arxa planda idi.
İrəvanın hesablamaları səhv idi, Ermənistanın hərbi baxışlarında dağınıqlığın hökm sürdüyünü Günnüt əməliyyatı daha aydın şəkildə göstərir.
Ermənistanın strateji beyin hüceyrələri, onsuz da, 2016-cı ilin aprelində Qarabağ cəbhəsində baş verən dördgünlük müharibə ilə zədələnmişdi. Lakin bunun davamı gəlməli və ardıcıl xarakter daşımalı idi, növbəti məsuliyyətli vəzifə Əlahiddə Ümumqoşun Ordunun çiyinlərinə yüklənir və o, Günnüt kəndinin (Şərur rayonunun mərkəzindən 22 kilometr məsafədə yerləşir), Ağbulaq yüksəkliyinin, Qızılqaya dağının, Qaraqaya dağının, Mehridağın, Sədərəyə məxsus şərab zavodunun dağılmış qalıqlarının işğaldan azad olunmasını reallaşdırır, Arpaçay su anbarının taktiki cəhətdən etibarlı müdafiəsi təşkil edilir.
Qoca Şərqin qapısı olan Naxçıvandakı əməliyyatlarla Qarabağ cəbhəsindəki hərbi planlaşdırma sinxronluq təşkil edir, Günnüt əməliyyatı nəticəsində paralel nəzarətetmə, belə demək mümkünsə, bərpa olunur.
Axı Günnüt əməliyyatı İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verir, 44 günlük Vətən müharibəsində Ermənistandan Qarabağa doğru marşrutunu salan hərbi kolonlar, silah daşımaları nəzarət altına alınır.
Bu, Ermənistanın zəncirvari hərbi ölümü, Azərbaycanın isə silsilə uğurlarının açarı idi.
Azərbaycanın Ermənistanla sərhəddə genişmiqyaslı müdafiə zolağını qurması haqqında hərbçilərin çıxışlarını dinləyərkən qarşıdan uca bir dağın – Türkiyənin Ağrı dağının bizə tərəf boylanan başı qarlı zirvəsi görünür.
Bu məqamda Serj Sarqsyanın Ermənistanın prezidenti olduğu zamanlar qürrələnə-qürrələnə, bic-bic gülümsəyərək ermənilərin gələcək nəsillərinə “Ağrı dağını onlar tutacaqlar” cümləsilə etdiyi çağırış yadıma düşür.
Sarqsyanın iliyinə Ağrı dağının soyuğu elə işləmişdi ki, o, ağır qızdırmalı şəxs kimi sayıqlayırdı, indi isə Sarqsyan, onun cəllad xələfi Robert Koçaryan Ermənistanın varlığına son qoyulacağı həyəcanından əsirlər.
Əlqərəz, durduğumuz nöqtələrdən Ermənistanın dərinliklərinə, Azərbaycanın tarixi torpaqlarına doğru strateji panoram açılır, bu, bizi Naxçıvan cəbhəsinin İrəvan üzərində yaratdığı təzyiq dalğasının uzunluğu haqqında dərin düşüncələrə qərq edir.
Qoca Şərqin qapısı – qələbələrin müjdəçisidir, Azərbaycanın növbəti strateji hədəflərinin açarlarından biri Muxtar Respublikanın müdafiə və təxribatlara qarşı əks-hücum potensiallarının içərisindədir.
Sarqsyanlar, Koçaryanlar və onların revanşist duyğularını öz içlərindəki hisslərə çevirən ermənilərin həzləri Azərbaycanın Aprel müharibəsi – Günnüt əməliyyatı – 44 günlük müharibədə Qələbə üçbucağının dərəcələri altında inildəyən harayla əvəz olunub.
Vəlvələni onların canına salan Azərbaycan Ordusunun bölmələri, onun xüsusi təyinatlı qüvvələridir, biz də onlardan biri ilə həmsöhbət oluruq.
Həmsöhbətimiz Günnüt əməliyyatının iştirakçısıdır, o deyir ki, 2018-ci ilin mayında xidmət etdiyi birləşmə həyəcan siqnalı ilə qaldırılıb.
“Biz gecə şərti yüksəkliklərə səssiz yaxınlaşdıq, düşmənin istehkam maneələrini dəf etdik. Bir neçə gün düşməni müşahidədə saxladıq”, – deyə xüsusi təyinatlı qüvvələrin mənsubu bildirir.
Bundan sonra isə onlar nəzarətə keçirdikləri mövqelərdə, daşlıq, qayalıq ərazilərdə səngərlər qazıblar, orada tərtibləniblər.
“Səhəri gün düşmən bizi həmin mövqelərdə görəndə şoka düşdü, gördülər ki, onlarla üzbəüzdəyik. Ondan sonra atışmalar başladı. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu Adil Tatarov şəhid oldu, düşmənin isə üç hərbçisi məhv edildi”, – deyə həmsöhbətimiz qeyd edir.
XTQ-nin digər mənsubuna yaxınlaşırıq, cənab hərbçimiz bildirir ki, Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordunun bölmələri ilkin mövqelərdən dərinliyə doğru dəqiqliklə, peşəkar şəkildə irəliləyiblər.
“Biz mövqelərdə yerləşdikdən sonra piyada və tank əleyhinə basdırılmış minalar aşkarlanaraq ərazilər təmizləndi, indi burada xidmət yüksək səviyyədə təşkil edilib, düşmənin hərəkətləri müşahidə altındadır”, – deyə o əlavə edir.
İndi Azərbaycanın strateji hədəflərindən biri Naxçıvanla quru əlaqəsinin yaradılması və bu məqsədlə Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razı salmaqdır. Danışıqlar nəticələr verməsə, onda Azərbaycan müvafiq addımlar atacaq.
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxışı zamanı xüsusi olaraq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir:
“Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu, vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var”.
Azərbaycanın Naxçıvan bölgəsi üzrə hədəfləri aydındır və nüfuzetmə vasitələri Ermənistan üzərində dəqiq diaqnozlar qoyulmasına yardımçı olur.
Bu, psixoloji qorxutma aktı deyil, əksinə, real ölçüləri olan planlardır, indi Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətindədir, əks təqdirdə Naxçıvan istiqamətində təxribatlardan isə ümumiyyətlə çəkinməlidir.
Əks-təqdirdə Aprel döyüşləri, Günnüt zəfəri, Vətən müharibəsindəki Qələbənin ardı fərqli şəkildə zühur edəcək…
Daha çox foto burada: PhotoStock.az
Aqşin Kərimov,
Bakı-Naxçıvan-Bakı
www.RIA24.az