Azərbaycan Həmkarlar İttifaqları şəhid ailələrinin sosial problemlərinin həllini həmişə diqqətdə saxlamaqdadır. AHİK-in İcraiyyə Komitəsinin 22 fevral 2021-ci il tarixli qərarı ilə daha 23 şəhid ailəsi himayəyə götürülmüşdür. Bununla da himayəyə götürülmüş şəhid ailələrinin ümumi sayı 139-a çatmışdır.
İcraiyyə Komitəsi bundan əvvəl Vətən müharibəsində şəhid olmuş 116 əsgər və zabitlərin ailəsinin himayəyə götürülməsi barədə qərar qəbul etmişdir.
AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürüb. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150 manatla təmin olunurlar. Təkcə bu yardımlara xərclənəcək məbləğin miqdarı isə 885 min 600 manat olacaqdır.
Məlumat üçün bildirək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə 3 milyon 424 min 312 manat xərclənmişdir. O cümlədən, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 350 min manat ianə edilmiş, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150 min manat köçürülmüşdür. Orduya, şəhid ailələrinə və yaralılara 1 milyon 380 min 687 manatlıq maddi yardım göstərilmiş, Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 005 min 875 manat, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait köçürülmüşdür. “Yaşat” Fonduna 537 min 750 manat ianə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılan “Qarabağ Dirçəliş Fondu”na 19 yanvar 2021-ci il də 100 min manat məbləğində vəsait köçürülmüşdür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da şəhid ailələrinin sosial problemlərinin yaxşılaşdırılması üçün müvafiq addımların davam etdirilməsini nəzərdə tutur.