Oğlunu erkən itirdi, həyat yoldaşı qollarında can verdi – Nailə Mirməmmədlinin faciəvi həyatı – FOTO

Mədəniyyət


Bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğum günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında on maraqlı faktı təqdim edir.

Nailə Mirməmmədli 1961-ci ildə “Sovetski” adlanan məhəllədə anadan olub.

1985-ci ildə Tusi adına Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Nailə Mirməmmədli bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı olub. Onlar hər ikisi “Sovetski”də yaşayıblar, yanaşı məktəblərdə təhsil alıblar. Anaları bir sinifdə oxuyub, ancaq uşaqlıq illərində heç vaxt rastlaşmayıblar. Nailə xanımı Müəllimlər evində “Xəyal” instrumental ansamblına əsgərlikdə olan Hikmət Mirməmmədlinin yerinə işə götürüblər. Əsgərlikdən qayıdan Hikmətlə birgə işləməli olacağını düşünən Nailə xanım işdən çıxmaq qərarına gəlib, ancaq Hikmət buna razı olmayıb. Yalnız bir konsertdə birgə işlədikdən sonra o, özünə başqa iş tapacağını deyib. Lakin iş elə gətirib ki, onlar möhkəm dost olublar. Bu dostluq isə sonradan böyük məhəbbətə çevrilib. Günlərin birində isə Hikmət Mirməmmədli Nailə xanıma deyib: “Ad günündə bizimkilər sizə gələcəklər”.

Lakin Hikmət əsgərliyə getməzdən əvvəl anası və bacısı ona qohumlardan başqa qızı gözaltı ediblər. Onun Nailəyə elçi göndərməsi fikri ailəsi tərəfindən xoş qarşılanmayıb. Hikmət isə deyib ki, ya istədiyim qızı alacağam, ya da onu götürüb qaçacağam. Beləliklə, ailələr onların evlənməsinə qarşı çıxmayıblar və onlar ailə qurublar. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlib.

Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. Bir il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırıb. O, müsahibələrinin birində deyib:

“Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı”.

2002-ci ildə 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğulması xəbəri ailədən ilk olaraq Hikmət müəllimə verilib. O, Nailə xanıma heç nə demədən hadisə yerinə gedib. Oğlunun ölümünə inanandan sonra elə hadisə yerində infarkt keçirib.

Nailə Mirməmmədli ağrılarına görə siqaret çəkdiyini özü dəfələrlə etiraf edərək deyib:

“Siqaret çəkməyi mənə Hikmət öyrədib. Adamların arasında çəkən deyiləm. 42 yaşımda oğlumu itirdim. Ondan sonra siqaret çəkməyə başladım. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, siqaret səni sakitləşdirə bilər”.

Nailə Mirməmmədlinin bəstələdiyi mahnıların içərisində “Dərd verdin” mahnısı beş il onun siyirməsində qalıb. Oğlu öləndən sonra həmin mahnını Mətanət İsgəndərli ifa edib. O, mahnını o qədər yanğılı ifa edib ki, hər kəs elə bilib ki, bəstəkar bu mahnını oğlunun ölümünə yazıb.

Müsahibələrinin birində Nailə xanım oğlunun ölümündən danışarkən deyib:

“Xeyli vaxt ağladım, oğlumu dəfn edəndə isə, ümumiyyətlə, özümü ələ ala bilmirdim. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olub. Oğlumun ölümünə ağlamaqdan utandım”.

2007-ci il mayın 23-də Nailə Mirməmmədlinin ad günü olub. Ailə həm Əməkdar incəsənət xadimi adının alınması, həm də ad günü münasibətilə məclis təşkil etmək qərarına gəlib. Ancaq iş elə gətirib ki, mayın 22-də dostlardan birinin ad günündə olan Hikmət Mirməmmədli növbəti dəfə infarkt keçirib və Nailə xanımın qolları üstdə dünyasını dəyişib.

Nailə Mirməmmədli isə 2021-ci il yanvarın 4-də ürək tutmasından dünyasını dəyişib. “Qurd qapısı” məzarlığında dəfn olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir