Bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətinin pisləşməsi haqqında yayılan xəbərlər ilk baxışda adi saxta xəbər kimi təəccüb yaratmazdı.
Ardınca gələn məlumatlar, üstəgəl analitik mərkəzlərin belə, bu məlumatların fonunda hazırladıqları materiallardan sonra sezmək çətin deyil ki, bir-birini əvəz edən informasiyalar Belarusa qarşı əməliyyatların siqnalıdır.
Bu siqnal Polşa milli müdafiə nazirinin keçmiş müavini, general Valdemar Skşipçakın Belarusda çevriliş, üsyan olacağı barədəki iddiaları ilə zilə qalxdı və informasiya əməliyyatlarının həqiqi ölçülərini hesablamağa imkan verdi.
Rusiya Belarusda taktiki nüvə silahları yerləşdirir, bu, Ukraynadakı müharibənin miqyasının genişlənməsinə işarədir və sözsüz ki, Polşa da bundan nəsibini alacağını düşünür.
Belarus Rusiyaya canlı qüvvə verməsə də, öz ərazisini Ukraynaya qarşı cəbhə kimi Rusiyanın “icarə”sinə verib.
NATO isə Belarusa görə Rusiya ilə müharibə riskinə getmir, burada alternativ variant kimi Belarusun çalxalanması ssenarisinin işə salınması meydana çıxır.
Polşadan verilən siqnallar Lukaşenkoya qarşı “ərəb baharı”nın nəticələrini yaşatmaq üçün geniş planın olduğunu göstərir. Ancaq planın konkret necə işləyəcəyini onu hazırlayanlardan, eləcə də Rusiyadan, Belarusdan başqa kimsə bilmir.
Əməliyyatın uğurlu olması üçün Belarus müxalifətinə dəstək olan dövlətlərin, müttəfiqlərinin, xüsusən də Belarusla həmsərhəd olan Polşanın dəstəyi lazımdır, ona görə Polşa indi dövriyyənin başında görünür.
Ancaq Belarusdakı qeyri-stabillik ssenarisi Avropa İttifaqının iqtisadi planı əsas tutan başqa dövlətləri üçün uyğun deyil, Avropa İttifaqı burada mümkün şoklara qarşı rolunu müəyyən edir, o, Belarus Silahlı Qüvvələri və yüksəkvəzifəli rəsmiləri ilə əlaqə xətlərinin mövcud olmasını təmin etməlidir.
Eyni zamanda, ölkənin ərazi bütövlüyünə dəstək verən açıq bəyanatlar səsləndirməklə problemin özünə yönələn oxlarını neytrallaşdıra bilər.
Lakin Qərbin beynəlxalq ictimaiyyətdə rəy yaradan institutlarının dəyənəyi Lukaşenko üçün çətinliklər yaratmaq gücündədir. Bu versiyadakı gedişlər Rusiyaya da sərfəlidir, çünki Belarusda hər etiraz olduqca Moskva orada əlini güclü edir.
Lukaşenko indi Rusiya ilə məsləhətləşir, Polşaya veriləcək təlimatlar əsasında ölkəsinə gələ biləcək “külək”ləri səngitməyə çalışır.
Lukaşenko Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasından öncə açıqlamasında “ölkəmiz Polşa tərəfindən dəstəklənməsi planlaşdırılan mümkün üsyana qarşı dayanmağa hazırdır” deməklə rəsmi Minskin narahatlıqlarını dilə gətirib.
Həmin vaxtda isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə belaruslu həmkarı Viktor Xreninlə görüşüb, onlar taktiki nüvə silahlarının yerləşdirilməsi haqqında sənəd imzalayıblar.
Şoyqu həmin gün Qərbin Rusiya və Belarusa qarşı görünməmiş müharibə apardığını deməklə, Belarusa qarşı mümkün həmlələr zamanı ölkəsinin duracağı “müttəfiq” duruşuna fon verib.
Cənab Şoyqu onu da demək istəyir ki, Belarusla bağlı planların miqyası digər regiona – Cənubi Qafqaza – sıçrayır və o, Kremlin əsl niyyətini bu ifadə ilə dilə gətirir:
– Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə edir;
– Qərb hər yolla öz varlığını artırmağa və Rusiyanın sülhməramlı missiyasını nüfuzdan salmağa çalışır.
Beləcə, Rusiya regional ambisiyalarını iki fərqli region barədə paralel aparmaqla göstərir, Şoyqu Kremlin “biz olmadan regional mübahisələri barışdırıcı missiyasına yiyələnə bilməzsiniz” mövqeyini təkrarlayır.
Aqşin Kərimov
www.102info.az