“Türkiyə şirkətləri artıq bizim layihələrdə yer alıblar. Bizim üçün strateji önəm daşıyan Füzuli, Şuşa yolunun inşası ilə bağlı Türkiyə şirkətləri fəaliyyətdədirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Ölkə başçısının sözlərinə görə, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da Türkiyə şirkətləri fəaliyyət göstərirlər:
“O yol çox mürəkkəb ərazidən keçir. Orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Bununla paralel olaraq, dövlət xətti ilə icra edilən layihələrdə ən çox yer alan Türkiyə şirkətləridir. Dəqiq məlumat xatırlamıram, amma təxmini olaraq, 10 milyard dollardan çox dəyəri olan layihələrdə Türkiyə şirkətləri iştirak ediblər”.
“Görüləcək işlərin həcmi çox böyükdür. Artıq bu barədə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla da dəfələrlə danışmışıq. Biz bütün işləri birgə edəcəyik. Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq”, – deyə İ.Əliyev qeyd edib.