Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə yaxınlaşma çərçivəsində Azərbaycan üçün heç bir tabu yoxdur. Ölkəmiz təşkilatlanmada və daha da yaxınlaşmada maraqlıdır.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Moskva. Kreml. Putin” verilişində səsləndirib.
Verilişdən bir fraqmenti bazar günü rusiyalı jurnalist Pavel Zarubin özünün “Telegram” kanalında yayımlayıb.
“Yaxınlaşma çərçivəsində bizim heç bir tabumuz yoxdur. Yenə də hər şey dünya iqtisadiyyatı və Azərbaycanın iqtisadi durumu ilə bağlı konkret vəziyyətdən asılıdır. Ona görə də hər şeyi gələcək göstərəcək”, – deyə dövlət başçısı bildirib.
“Hesab edirəm ki, Azərbaycanın Aİİ sammitində ilk dəfə iştirak etməsi faktı bizim bu struktura göstərdiyimiz maraqdan və üzv ölkələrlə daha da yaxınlaşmaq istəyindən xəbər verir”, – o əlavə edib.
İlham Əliyev vurğulayıb ki, respublika iqtisadiyyatı açıq və kifayət qədər balanslaşdırılmışdır, ona görə də gələcək inteqrasiya istisna edilmir. O, Aİİ üzvü olan ölkələrin üstünlüklərinin cəlbediciliyini də qeyd edib.
Xatırladaq ki, mayın 24-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclası keçirilib. Azərbaycan ilk dəfə belə bir tədbirdə qonaq qismində iştirak edib.
www.102info.az