“Yeddi ildir taekvondo idman növü ilə məşğul oluram. Taekvondo üzrə dünya çempionatının Bakıda təşkil olunması bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Bu sözləri Bakıda keçirilən dünya çempionatında ölkəmizi təmsil edəcək taekvondoçu Taleh Süleymanov AZƏRTAC-a müsahibəsində deyib.
Taekvondoçu bildirib ki, çempionata böyük məsuliyyətlə yanaşırlar. Uzun zaman çempionatla bağlı təlim-məşq toplanışında iştirak etmişik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaraq himnimizi səsləndirib, bayrağımızı yüksəklərə qaldıraq. Mən mayın 31-də döyüşə çıxacağam. Böyük motivasiya ilə qələbə qazanmağı gözləyirəm.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
www.RIA24.az