“Onun oynadığı rol həmişə qəlbimizdə yaşayacaq”.
Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımovun vida mərasimində Avropa Kino Akademiyasının üzvü, Xalq artisti Vaqif Mustafayev deyib.
V.Mustafayev qeyd edib ki, Elxan Qasımov əfsanəvi şəxsiyyətlərdən biri idi:
“Bu gün biz özümüzdən birini itirdik. Bu cümlə hər şeyi ifadə edir. Kinostudiya təkcə divarlardan ibarət deyil. Orada şəxsiyyətlər olurlar. Gözümüzü açandan onu görmüşük. Elxan Qasımov əfsanəvi şəxsiyyət idi. O, yaddaqalan rollardan birində rol alıb. “Şofer Əhməd” rolu hər kəs tərəfindən sevilib. Elə insan yoxdur ki, onu tanımasın, alqışlamasın. Bu gün onun üçün son alqışlar olmayacaq. Onun oynadığı rol yaşayacaq. Alqışlar davam edəcək”.
Vaqif Mustafayev əlavə edib ki, sonuncu dəfə Elxan Qasımovu dəfn mərasimində gördüyünü bildirib:
“Elxanı mən sonuncu dəfə dəfn mərasimlərindən birində gördüm. O, məni saxlayıb, dedi ki, təbrik edirəm. Prezident təqaüdünə görə məni təbrik edib. O, istiqanlı insan idi. Hər yerdə yaxşı söz deməyə çalışıb. Xəstəliyini demirdi. Həmişə sağlam olub. Ölümü gözlənilməz oldu. Eşitdim ki, reanimasiyadadır. Yanına getmək istədim. Dedilər ki, olmaz. Yanına getməyi düşünürdüm. Dünən birdən dedilər ki, rəhmətə gedib. Çox sarsıldım. Həmişə o gözümün önündədir. Həmişə gülərüz insan olaraq yadımda qalacaq. Qayğıkeş biri idi. Allah ona rəhmət etsin, ruhu şad olsun”.
Nəzrin Vahid
www.RIA24.az