Tovuz rayonu, Əsrik Cırdaxan kəndində fəaliyyət göstərən, fiziki şəxs Polad Əsgər oğlu Zeynalova məxsus “Loğman” kafesində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq dezinfeksiya işlərinin aparılmadığı, döşəmənin tamlığının pozulduğu, döşəmə, tavan və divarların asan yuyulub təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, həmçinin ərzaq məhsullarının saxlanma temperaturunun gözlənilmədiyi, üzərində etiket məlumatları olmayan və mənşəyi bilinməyən qida məhsulları müəyyən edilib. Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin sanitariya norma və qaydalarına cavab vermədiyi üçün mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
www.102info.az