“Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın Balkan ölkələrində nüfuzu böyükdür”.
Bunu “Balkanist” layihəsinin təsisçisi, Rusiya Mütərəqqi Siyasət Fondunun direktoru Oleq Bondarenko Türkiyədəki prezident seçkisini və Rəcəb Tayyib Ərdoğanın ikinci turda qələbə qazanmasını Oxu.Az-a şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Ərdoğanın nüfuzu Kosovoya nisbətdə Bosniya və Herseqovinada və Serbiyanın cənubunda (Raska bölgəsini əhatə edən Sancak bölgəsi) daha çox hiss olunur.
“Oraya sərmayə yatıran Türkiyənin kifayət qədər ciddi təsiri var və regionda siyasi institutları işləyir. Kosovo isə bütünlükdə və tamamilə ABŞ-nin nəzarəti altındadır, Vaşinqtondan idarə olunur. Hətta Berlinin də Kosovo hakimiyyətinə real təsir rıçaqları yoxdur”, – deyə o əlavə edib.
Ekspert bildirib ki, Rəcəb Tayyib Ərdoğan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Serb Respublikası (Bosniya və Herseqovinanın tərkibində olan entitet) Prezidenti Milorad Dodiklə çox yaxşı münasibətlər qurub.
“Türkiyənin hazırkı prezidentinin yenidən seçilməsi isə serb liderlər üçün sözsüz, müsbət hal sayılır”, – deyə Bondarenko sözlərini yekunlaşdırıb.
Nair Əliyev
www.102info.az