Ali Məhkəmədə qadını şantaj etməkdə təqsirləndirilən Elmir Sultanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Elmir Sultanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd edək ki, 2021-ci ilin mayında rəsmi məlumata əsasən, Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə müraciət edən qadın özünü “TikTok”da polis kimi təqdim edən şəxslə tanış olduğunu, daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib.
Müraciət dərhal nəzarətə götürülüb və həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb etdiyini etiraf edib. E.Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
İstintaq tədbirləri zamanı müəyyən edilib ki, E.Sultanov bir neçə il əvvəl də eyni əməli törətdiyinə görə, yəni, özünü yalandan polis əməkdaşı kimi təqdim edərək insanlardan pul tələb etdiyi üçün Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub.
www.102info.az