Məşhur türkiyəli müğənni Aleyna Tilki NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi) Uçan Naməlum Obyektlərlə (UNO) bağlı açıqlamasından sonra agentliyə qəribə çağırış səsləndirib.
Aleyna Tilki NASA-dan yadplanetlilərin varlığının təsdiq edilməsini istəyib.
“Madam ki, ən böyük investisiyalar kosmosa qoyulur, o zaman yadplanetlilərlə görüşmək bizim haqqımızdır”, – deyə müğənni “Twitter” hesabında qeyd edib.
“NASA, cəmiyyətin şüurunu idarə etməyə çalışmaqdan əvvəl artıq sən də cəmiyyətin bir parçası ol və yadplanetliləri qəbul et. Rahat-rahat ünsiyyət quraq, o irqlərlə bir-birimizə ehtiyacımız var. Yarımçıq məlumatlar da verməyin, bu, cəmiyyətin qavrama qabiliyyətini idarə etmək deməkdir. Konkret şəkildə yadplanetli qardaşlarımız və dostlarımız arasında o körpünün qurulması üçün bir addım atın. Sadələşdirin bir az bu işləri”, – deyə Aleyna Tilki əlavə edib.
Xatırladaq ki, NASA bu günlərdə tarixində ilk dəfə UNO-larla bağlı ictimaiyyətə açıq mətbuat konfransı keçirib. Konfransda indiyə qədər naməlum hava cisimləri ilə bağlı 800-dən çox, ayda isə 50-dən 100-ə qədər məlumat daxil olduğu bildirilib. Lakin NASA-nın yadplanetlilərin varlığının təsdiqinə dair araşdırmaları davam etdirdiyi vurğulanıb.
Həmçinin UNO-larla bağlı bəzi görüntülər də nümayiş etdirilib.
Mənbə: Haber Global
www.RIA24.az