Bir neçə gün öncə Dənizkənarı Milli Parkda yıxılan vətəndaşın çiyni çıxıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, gələn olmayıb.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Zərərçəkmişin dostu tərəfindən ictimailəşdirilən məsələdə iddia edilir ki, onlar 40 dəqiqə təcili tibbi yardım briqadasını gözlədikdən sonra özləri yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməli olublar:
“Təcili yardıma zəngdən sonra 40 dəqiqə gözlədik, heç kim gəlmədi. Sonra taksi ilə xəstəxanaya aparıblar. Hadisədən 25 saatdan çox vaxt keçib. Hələ də təcili yardım briqadasından heç bir zəng yoxdur”.
Mövzu ilə əlaqədar TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından 01.06.2023-cü il, saat 21:06-da bir nəfərin Dənizkənarı Milli Parkda yıxılaraq travma alması barədə çağırış daxil olub:
“Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası hadisə yerinə cəlb edilib və saat 21:55-də xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd olunan tarixdə sözügedən ərazi üzrə əlavə heç bir çağırış daxil olmayıb”.
Könül Cəfərli
www.102info.az