Son günlər bəzi rayonlarımızı cənginə alan təbii fəlakət əsl fəlakət gətirib. Leysan və sel bəzi rayonlarda canlar da alıb. İnsanlar evlərini itiriblər, əkin sahələri məhv olub.
Bunu son illər ölkəmizdə baş verən ən güclü təbii fəlakət adlandırmaq olar. Bəs təbiətin qəzəbinə tuş gələn bölgələrdə insanların dərdinə kim dərman olacaq?
Artıq müvafiq qurumlar tərəfindən həmin ərazilərdə dağılmış infrastrukturun bərpasına başlanılıb. Amma fərdi evlərin dövlətin hesabına bərpa ediləcəyi ilə bağlı qərar hələ ki, yoxdur.
Hələlik sakinlər ciddi ziyan dəyən evlərində yaşamağa məcburdurlar. Əkin sahələri məhv olan fermerlərə gəlincə, onların problemi dəyişməyib: həmin sahələrin sığortası yoxdur. Niyə? Çünki bu insanlar sığortaya inanmırlar. Sel fəlakətinin bölgələrdə yaratdığı ziyandan və sakinlərə nə kimi yardım göstəriləcəyindən İTV-də bəhs olunub.
Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nazarov bildirib ki, dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı hər bir kənddə komissiya müəyyən edilib, aktlar tərtib olunub. Bununla bağlı Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.
www.102info.az