Zibili zibil qutusuna atmayanları mədəni surətdə utandırsaq…

Cəmiyyət


Ağac əkinini təbliğ və təşviq edən aksiyalarla yanaşı, təmizlik aksiyalarının da gündəmə gətirilməsi ümid edirik ki, hər kəsin ürəyindən xəbər verir. Çünki cəmiyyəti narahat edən məsələlərdən biri də dəniz sahillərinin, çay hövzələrinin, ümumiyyətlə təbiət ərazilərinin çirkləndirilməsidir. Xüsusilə də istirahət mövsümlərində. 

Məqsədimiz, səmimi desək, vətəndaşlarımızı öz atdıqlarını toplamağa sövq etməkdir. Düzdür, ağac əkininin kütləviləşməsinə nail olduğumuz üçün sevinirik, amma təmizlik aksiyalarının kütləviləşməsinə, inanırıq ki, ehtiyac qalmaz.

Heç bilirsiniz ki, təmizlik aksiyaları zamanı çay kənarlarından, dəniz sahilindən, təbiətdən nə qədər tullantı yığılır? Yəni çox utandırıcı mənzərələrdən söhbət gedir, əzizlərim. Nə üçün biz ətraf mühitə qarşı bu qədər biganə, qəddar münasibət bəsləyirik? Niyə ayaq basdığımız məkanlara öz evimiz kimi yanaşmırıq? 

Bu, ən birinci olaraq bizim sağlamlığımız, gigiyenamız, təbiətimizin təmizliyi, flora və faunamızın qorunması üçün, həm də ölkəmizin imici üçün önəmlidir. Bizi qarşıda təbiət turizmi mövsümü gözləyir. Bu cür utandırıcı mənzərələr bizim sağlamlığımıza zərbə vurmaqla yanaşı, həm də ölkəmizin imici üçün də zərərlidir. Biz diqqətimizi toplamalı, tullantılara nəzarət etməli və onları haraya gəldi atmamalıyıq.

İnanın ki, birlik olsaq, tez bir zamanda bir-birimizi bu ziyanlı vərdişdən çəkindirəcəyik. Sadəcə, atdığımız tullantıları toplasaq, yerindəcə bir-birimizi qınaq etsək, zibili zibil qutusuna atmayanları mədəni surətdə utandırsaq, kifayətdir.

Hər kəs özlüyündə “zibili hara gəldi atmaq” vərdişlərini yox etməyə çalışsa, yəqin ki, təbiətimiz də xəyal etdiyimiz ideal təmizliyinə qovuşacaq. 

Aksiyalara isə davam edirik. Bu şənbə yenə də çay və göl kənarlarında, dəniz sahillərində xoşagəlməz mənzərə yaradan zibillərin toplanmasına, növbəti təmizlik aksiyasına başlayacağıq.

Birləşək, özümüz-özümüzü bu problemdən qurtaraq. İnanırıq ki, bacaracağıq və gələnilki istirahət mövsümündə belə çağırışlara ehtiyac qalmayacaq!

Bir daha haraya gəldi tullantı atılmayacağı ümidi ilə…

İradə İbrahimova

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir