“Bəyanatımız nəticə verməsə, daha ciddi addımlar atmağı planlaşdırırıq” – RƏY + FOTO

Siyasət


“Ermənistanın Azərbaycanla həmsərhəd zonası Arazdəyəndə iri metallurgiya zavodunun tikintisinə qarşı imzaladığımız bəyanat öz nəticəsini göstərməsə, çox ciddi addımlar atmağı planlaşdırırıq”.

Bu fikirləri “Report”a “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib.

QHT sədri xatırladıb ki, bu gün Azərbaycanın bir sıra ekoloji qeyri-hökumət təşkilatları bəyanat yayıb:

“Bəyanatımız Ermənistanın Azərbaycanla həmsərhəd zonası Arazdəyəndə iri metallurgiya zavodunun tikintisi ilə bağlıdır. Həmin layihə 70 milyon dollar dəyərindədir. Məbləğdən də göründüyü kimi bu, böyük bir zavoddur. Həmin zavodun zəhərli kimyəvi tullantıları bölgədə ekosistemə ciddi zərər verə bilər. Həmin tullantıların Araz çayına axıdılması riski çox ciddi problemdir. Bu, həm Araz çayından suvarma üçün istifadə edildiyinə görə kənd təsərrüfatına, həm də o bölgədə yaşayan insanların həyat və sağlamlığına zərər verə bilər”.

“Ekoloji problemlər sərhəd tanımır. Sözügedən zavodun tikilib istifadəyə verilməsi nəinki Azərbaycanda, eyni zamanda Ermənistanda insanların sağlamlığına ciddi ziyan vuracaq. Bununla əlaqədar ölkəmizdə fəaliyyət göstərən ekoloji qeyri-hökumət təşkilatları etiraz səsini qaldıraraq bəyanat imzalayıb” -, o qeyd edib.

Q.Yusubova vurğulayıb ki, bu bəyanat beynəlxalq ekoloji təşkilatlara, müxtəlif ölkələrə, bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq:

“Hazırda bununla bağlı işlərə start verilib. Tarix göstərdi ki, Laçın-Xankəndi yolunda ekofəalların 138 gün davam edən aksiyası öz nəticəsini verdi və həmin ərazilərdə milli sərvətlərimizin talanması dayandırıldı və sərhəd keçid məntəqəsinin yaradılması təmin olundu. Hesab edirəm ki, bu bəyanat da öz müsbət nəticəsini göstərəcək”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir