“Azərbaycanda içməli suyun keyfiyyətinin analizinin nəticələri sanitariya normalarına, tələb olunan standartlara cavab vermir”.
Bunu Qaynarinfo.az-a açıqlamasında “Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini Xosrov Musayev ABŞ-nin Yel Universitetinin “Dünyanın Su Xəritəsi” adlı hesabatında regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. O bildirib ki, beynəlxalq ekspertlərin fikirlərinə görə, Azərbaycanda 40% su çirklidir, 80%-i isə keyfiyyətsizdir:
“Sular analiz olunmalıdır. Artezianlar qurulur, onlar quraşdırılandan sonra oradan çıxarılan sular analiz olunmalıdır, sanitariya tələblərinə uyğun olması yoxlanılmalıdır. Yalnız bundan sonra ondan içməli su kimi istifadə etmək olar”.
Xosrov Musayev hesab edir ki, bu gün əsas problem suyun analiz olunması ilə bağlı qurğuların müasir standartlara cavab verə bilməməsidir:
“Suyun keyfiyyətinə nəzarət olunmalıdır, bu gün bunu görmürük. Bir dəfə tədbirdə dedim ki, suya nəzarət edən orqanlar heç vaxt suyun analizini aparmırlar, bu, onların vəzifə borcudur. Suyun yoxlanılması ilə bağlı standartlar da köhnədir. Bizə bu gün yeni standartlar, müasir dövrün tələblərinə uyğun olan qurğular lazımdır”.
Xosrov Musayevin fikrincə, öncə suyun tərkibində elementlər yoxlanılmalıdır:
“Bu tərkibin insan orqanizminə ziyanı olub-olmadığı test olunmalıdır”.
Qeyd edək ki, ABŞ-nin Yel Universiteti “Dünyanın Su Xəritəsi” adlı hesabatında regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olmasını üzə çıxarıb. Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycan suyun keyfiyyətinə görə 46,5 bal toplayıb. Bu şkalaya görə, suyun keyfiyyəti Gürcüstanda 52,3 bal, Ermənistanda 61,7 bal, Rusiyada 55,8 bal, İranda 48,8 bal, Türkiyədə 47 bal dəyərində qiymətləndirilib. Qərb ölkələrində isə suyun keyfiyyəti 90 bal ətrafında qiymətləndirilib.
www.102info.az