Avtomobil almaq istəyənlər elan saytlarında və maşın bazarında zövqlərinə uyğun markalarla maraqlanırlar. Kimisi avtomobilin xarici görünüşünə, kimisi istehsal ilinə, kimisi də texniki sazlığına daha çox üstünlük verir. Bütün faktorlar sayəsində artıq alıcılarda, avtomobil həvəskarlarında bölgü yaranıb. Belə ki, həmin bölgü əsasında həvəskarlar hansı markanın uyğun olduğunu, hansı markaya isə yaxın durmamalı olduqlarını bilirlər.
Bəs görək, Azərbaycanda hansı avtomobil markaları alıcıları heç cəlb etmir?
Avtomobil bazarı araşdırmaçısı, ekspert Sərxan Qədirli Lent.az-a mövzu üzrə bir sıra markaların adlarını sadalayıb:
“İli köhnə olan bəzi avtomobillərə artıq tələbat yoxdur. Bunlara köhnə “Volvo”ları misal çəkmək olar. Azərbaycanda bu avtomobillərin bazarı – alışı və satışı çox aşağıdır. Köhnə amerikan ciplərinə də tələbat yox səviyyəsindədir. Onlar arasında “Cadillac”da var. İli köhnə deyərkən, 1998-2001-ci illəri nəzərdə tuturam.
Həmçinin Fransanın “Peugeot” markası da bazarda satışı ağır gedənlər sırasındadır. Bunlardan sonra “Volkswagen” markası, xüsusən də bu markanın “Touareg” modeli gəlir. “Volkswagen”lər dünyada ən çox satılan maşınlardan olsa da, Azərbaycanda tam əksinədir. Hazırki dövrdə istehsal ili 1990-cı ildən 1995-ci ilədək olan “Mercedes” modellərinə də tələbat zəifləyib. Demək olar ki, “190”, “yeşka” adı ilə tanıdığımız avtomobillər bazarda artıq satılmır. “Mercedes”lərin satılmama səbəbi isə ehtiyat hissələrinin get-gedə tükənməsidir. Sürücülər bu modellərin hissələrini tapa bilmədikləri üçün həmin maşınlara maraq azalıb”.
www.102info.az