Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
İmtahanda namizədlərə xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
İlkin məlumatlara əsasən bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 3 həftə ərzində elan olunacaq.
Danışıq bloku üzrə imtahanın iyunun 16-dan 19-dək keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 12-də keçiriləcək.
Qeyd edək ki, iyunun 11-də keçirilən imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər isə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.
www.102info.az